"Microsoft” şirkətinin təsisçisi Bill Qeyts süni intellekt texnologiyalarının sürətli inkişafının 2027-ci ildə kibertəhlükəsizlik sahəsində ciddi problemlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyts bu barədə CNN telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, gələn il süni intellektin təsiri ilə ən kəskin dəyişikliklər məhz kiberhücumlar sahəsində müşahidə olunacaq.
"Gələn il ən ciddi dəyişiklikləri kiberhücumlar sahəsində görəcəyik. Artıq məlum biznes modeli mövcuddur: təhdidlər vasitəsilə pul tələb olunur və ya fond bazarına təsir göstərə biləcək pozuntular yaradılır”, – Qeyts bildirib.
O qeyd edib ki, süni intellektin ən son modellərinin məhdudiyyətlər olmadan pis niyyətli şəxslərin əlinə keçməsi ciddi təhlükələr yarada bilər.
"Pis niyyətli insanlar, məhdudiyyətlərin olmaması və ən son süni intellekt modelləri bir araya gəldikdə, gələn il əsasən kibertəhlükəsizlik sahəsində çoxlu xoşagəlməz sürprizlərlə qarşılaşacağıq”, – milyarder vurğulayıb.
Bununla belə, Qeyts süni intellektin nəzarətdən çıxmasını hazırda bəşəriyyətin üzləşdiyi ən təcili problem hesab etmir.
Onun fikrincə, süni intellektin dünya miqyasında böyük təsir göstərə biləcək inkişaf səviyyəsinə çatması üçün hələ bir neçə il tələb olunacaq.
///teleqraf///











































