‘Bilmirəm indi Azərbaycan nə cür edəcək’

‘Bilmirəm indi Azərbaycan nə cür edəcək’
12:34 29.01.2013
1548

Ermənistanda Kollektiv Təhlükəsizlik Müqəviləsi Təşkilatının (KTMT) Akademiyası yaradılacaq. Akademiyada alimlərin, politoloqların, ekspertlərin, həmçinin KTMT üzvü olan ölkələrin gənclərinin siyasi və ictimai təşkilatları liderlərinin iştirakı ilə tədbirlər keçiriləcək. Qeyd edək ki, bu tip akademiya yalnız Azərbaycanla müharibə şəraitində olan Ermənistanda olacaq. Bəzi ekspertlər bunu Azərbaycana növbəti təzyiq kimi qiymətləndirir. Bu arada Rusiyada yenidən Azərbaycanın və Gürcüstanın Avrasiya Ittifaqına daxil olması məsələsi gündəmə gətirilib. Azərbaycan bu quruma üzv olmaq istəmədiyini açıqlasa da, görünür, şimal qonşumuz əl çəkmək niyyətində deyil. Belə ki, ötən həftə Moskvada “Azərbaycan və Gürcüstanın Avrasiya Ittifaqına daxil olması perspektivləri” mövzusunda dəyirmi masa keçirilib və bu məsələ ilə bağlı müzakirələr aparılıb. KTMT akademiyasının yaradılması və Azərbaycanın Avrasiya Ittifaqına üzvlüyü ilə bağlı müzakirələr ölkəmizə nə vəd edir? Politoloq Vəfa Quluzadə Rusiyanın hər bir fəndlə Gürcüstanı və Azərbaycanı əvvəlki kimi özündən tam asılı vəziyyətə salmaq istəyində olduğunu deyir. Rusiya Qarabağ münaqişəsinin həllini əngəlləyir, Azərbaycanı daima yeni müharibə və torpaqların itirilməsi təhlükəsi qarşısında qoyur. Eyni zamanda müxtəlif tələblər irəli sürür: “Indiyə qədər Azərbaycan bu tələblərin heç birinə müsbət cavab verməyib və öz müstəqilliyini qoruyub. Bilmirəm indi Azərbaycan nə cür edəcək. Ancaq hesab edirəm ki, Azərbaycan və Gürcüstan Avrasiya Ittifaqına daxil olmamalı, müstəqilliyini saxlamalıdırlar. Çünki bu elə bir məsələdir ki, əgər barmağını versən, bütün əlin gedəcək. Bu cür məsələlərdə axıra qədər prinsipial olmaq lazımdır”. Gürcüstanın yeni baş nazirinin siyasi cəhətdən təcrübəli şəxs olmadığı deyən ekspertin sözlərinə görə, bu ölkənin hansı addım atacağını demək çətindir. Ancaq Azərbaycan öz müstəqilliyini qorumalıdır. Çünki Rusiya Ermənistanı silahlandırır, orda KTMT-nin akademiyasını açır. Bununla da göstərmək istəyir ki, axıra qədər Azərbaycanın iradəsini sındırmağa çalışacaq. Lakin başqa faktorları unutmaq lazım deyil: “Rusiya imperiyası neftin və qazın qiymətlərindən asılıdır. Qaz artıq qiymətini itirir. Çünki artıq Avropada şist qazı istifadə olunacaq. Amerikada, Norveçdə bu qazdan çoxdu. Neftin də qiyməti düşən kimi bu imperiya çökəcək. Ona görə Azərbaycanın vəziyyəti çıxılmaz deyil”. Ekspertin fikrincə, nə vaxtsa Ermənistan da Rusiya əsarətindən qurtarıb regionda Moskvanın dəyənəyi rolunu oynamayacaq. Hazırda isə Ermənistan Gürcüstan üçün də təhlükədir, çünki Rusiya Cavahetiyada üsyan təşkil edə bilər: “Gürcüstan üçün yeni problem yarana bilər. Bizdə isə müharibədir, hər gün atəşkəs pozulur. Rusiya ermənilərin əli ilə Azərbaycana hücum edə bilər. Ona görə burda bir faktor əsasdır. Amerika Rusiyanı ciddi xəbərdar etməlidir ki, Cənubi Qafqaz onun təsir zonasıdır. Onda Rusiya bu məsələdə təmkinli ola bilər. Ancaq Azərbaycan sözsüz ki, geri addım atmamalıdır. Bu, iqtidar üçün ölümə bərabərdir. Ancaq Azərbaycan Rusiyanın əsarəti altından çıxıb və bir də ora qayıtmayacaq”. /Azadlıq qəzeti/

OXŞAR XƏBƏRLƏR