"Azərbaycan futbolu şou-biznesimizdən də gülməli vəziyyətdədir. Çünki futbolçularımız şou-biznes adamlarından 10 qat artıq pul qazanırlar. Gülməlidir".
AZXEBER.COM sportnet.az-a istinadən verdiyi məlumata görə, bunu tanınmış şoumen və futbol azarkeşi Bəhram Bağırzadə deyib.
Bağırzadə müsahibə zamanı çəkinmədən olay yaradacaq fikirlər səsləndirib:
- Mən demişəm, indi də deyəcəyəm. Kim istəyir, məndən incisin. Azərbaycan iqtisadiyyatı neft dollarları üzərində dayanıb. Biz pulu, vəsaiti hardan əldə edirik? Yalnız neftdən! Başqa bir sahəmiz yoxdur. Neftçilər 40 dərəcə istidə düşürlər çöllüyə, xiyabanlığa, dənizin ortasında minlərlə kilometr gedirlər, dənizin dibindən nefti qazıb çıxarırlar. Tufan, külək, yağış, qışda, şaxtada yenə qazanırlar, çıxarırlar. İndi futbolçu ilə neftçini müqayisə etdikdə kim vətənpərvərdir? Kim çox maaş almalıdır? Əlbəttə, fəhlə baba, futbolçu yox!
Özlərinə də demişəm, bir gün gələcək, onların-neftçilərin ahı tutacaq futbolçuları. Çünki bunlar 700-800 manatı əzab-əziyyətlə qazanırlar, amma binamus və biqeyrət futbolçu - futbolçu kimi ha, kişi kimi yox, şəxsi işləri ilə işim yoxdur - 90 dəqiqəni işləmək-qaçmaq, qol vurmaq istəmir, hamısı yola verir. Amma o yazıq fəhlə isə əzab-əziyyətlə bizim büdcəni doldurur, oradan da milyonlarla pul ayrılır. Düzdür, yoxsa yox? İndi kim gülməlidir?
Futbolçularımız gülməlidir ki, üzr istəyirəm, oppana-oppana gedirlər San-Fransiskoya, Bəhram Bağırzadəni saat 6:30-da oyadırlar ki, dur, saat 7-dir, futbol var. Pul qazanmaqdansa, işimi-gücümü atmışam, saat 9-dək oturmuşam ki, bunların qapısına San-Fransiskoda amerikanlar iki qol vuracaqlar. Gülməlidir? Deməli, futbolçular neftçiləri qəzəbləndirirlər. Neftçi yazıq mazut içində ürəyində onu döşəyir ki, buna bax, mən bütün günü işləyirəm 800 manat alıram, bu isə aya ən azı 10 min manat qazanır.
Bir azarkeş kimi mənim də səhər əhval-ruhiyyəmi pozurlar, niyə burdan oppana-oppana gedib, milyonlar xərcləməlidirlər və bizimkilərə qol vurulmalıdır? Mən demirəm, uduzmaq olmaz.. Olar, amma uduzanda kişi kimi uduzun. Mən bilim ki, 90 dəqiqəni işləyib, qaçıb, tər içindədir, alınmayıb, amerikanlar bizdən güclüdür. Amma işləmirlər. Baxanda, inanın mənə, bizim məhlədə - Kubinkada, Sovetskidə oynayan uşaqların düşüncələri də, fantaziyaları da yığmamızdan güclüdür. Bunlar məhəllə futbolundakı kimi bilmirlər hara gedirlər, bir topun dalınca 11 nəfər qaçır. Problem ondadır.