Binəqədidəki yanğınla bağlı həbs olunan şəxslər məhkəmə qarşısında...

SOSİAL
15:26 17.06.2016
1434
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri bir neçə vəsatət qaldırıb. Vəsatətlər təqdim edildikdən sonra hakim hazırlıq prosesinin təxirə salındığını bildirib.
Ə.Hacıyev həmçinin qeyd edib ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti iyunun 19-da başa çatır. Məhkəmə qanunla müəyyən edilmiş səlahiyyətindən istifadə edərək, həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.
Məhkəmə prosesi iyunun 28-də davam etdiriləcək.
Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR