Azərbaycanın sabiq Səhiyyə naziri Əli İnsanov “Milli Şura”ya dəstək olması haqqında cəmiyyətə mesaj ünvanlayıb. Vəkili Toğrul Babayevin vasitəsilə ötürülən mesajda bildirilir ki, Əli İnsanov “Milli Şura”nın yaradılmasını alqışlayır: “Milli Şuranın yaradılmasını alqışlayıram. Bu prosesləri diqqətlə izləyirəm. Milli Şuraya xalqımızla birlikdə uğurlar arzu edirəm”.
Müasir Müsavat partiyasının sədri Hafiz Haciyev Əli İnsanovun çıxışına münasibət bildirib. Hafiz Hacıyev AZXEBER.COM-a açıqlamasında bu cür çıxışların birmənalı olmadığını deyib: “Təəssüflər olsun ki, bu gün Azərbaycan iqtidarında bir rahatlıq, arxayınçılıq hissi var. Hakimiyyət tərəfindən müəyyən qrup insanların “Milli Şura”ya dəstək verməsi prosesi gedir. Mən düşünürəm ki, Əli İnsanov böyük səhvə yol verib, çünki o, ölkə daxilində baş verən bütün proseslərdən xəbərdardır. Əli İnsanov xəyanətkarları müdafiə etməməlidir. Mən onun bugünkü çıxışına öz mənfi münasibətimi bildirirəm. o səhvini anlamalıdır. Qərbi Azərbaycanlılar Prezident İlham Əliyevi dəstəkləyir.Hafiz Hacıyev Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurasında qəbul edilən bəyanatın KİV-lərdə yayılmaması mövzusuna da toxunub. O bunu radikal qısqanclılıq adlandırıb: “Bir neçə gün bundan öncə Əlaqələndirmə Şurasının geniş iclası oldu. Həmin iclasda biz qərar qəbul etdik ki, Qərbi Azərbaycanlılar İlham Əliyevi dəstəkləyir. Təəssüflər olsun ki, bir çox KİV-lər radikal qısqanclıq ucbatından Ələqələndirmə Şurasının bu bəyanatını vermədilər. Həmin iclasda Müasir Müsavat partiyası öz mövqeyini ortaya qoydu”.Bu gün bir sıra iqtidaryönlü şəxslər var ki, “Milli Şura”ya böyük maddi dəstək olurlar. Müəyyən universitet rektorları var ki, Eldar Namazova xeyli pul ayırır. Mən düşünürəm ki, “Milli Şura”ya dəstək olmaq yolverilməz haldır".
Partiya sədri bildirdi ki, Əli İnsanov və başqaları zamanında hakimiyyətyönlü şəxslər olublar. Onların bu cür çıxışları müəyyən faktların göstəricisidir: “İlham Əliyevin çörəyinin duzu yoxdur, kimə çörək verirsə, kimi adam edirsə nankor çıxır. Bu gün ölkənin pulunu yeyən insanların hökümətə qarşı çıxmaları normal hal deyil. Zamanında hakimiyyət tərəfində olan, indi istiqamətini dəyişən insanları anlamaq olar, amma hazırda nazir, nazir müavini, rektor vəzifələrində çalışan insanlar da var ki, Milli Şuraya dəstək olur. Amma sizin sayt vasitəsilə deyirəm ki, kim İlham Əliyevə qarşı çıxacaqsa, qarşısında məni görəcək. Əgər hakimiyyətin çörəyini yeyib, nankorluq edənlər məni öldürməsə, onların hamısını ifşa edəcəm. Onların iç üzü açıldıqdan sonra hər birini həbsxanalara göndərməyə məcbur qalacağıq. Düşünürəm ki, bu cür halların qarşısı alınmalıdır, yoxsa seçki dövründə çox böyük katakalizmlər vaş verəcək. Bu seçkinin başında mən gedəcəm, görünür, çoxlarının başını yeməli olacam. Nə qədər ki mən varam, bu cür ucuz halların baş verməsinə icazə verməyəcəm”.
AZXEBER.COM