Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
SOSİAL
22:49 01.09.2026
110
"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universitetin öz marketinq siyasəti mühüm rol oynayır".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda illik təhsil haqqı 8 min manat olan universitetlərlə yanaşı, 1 500-2 000 manat civarında ödəniş tələb edən ali məktəblər də fəaliyyət göstərir:

"Orta göstəriciyə nəzər saldıqda isə illik təhsil haqqının təxminən 3 500 manat ətrafında olduğu görünür. Bu məbləğ orta aylıq əməkhaqqının təxminən üç mislinə, minimum əməkhaqqının isə 10 mislinə yaxınlaşır. Bu isə ailələrin büdcəsi üçün kifayət qədər böyük yükdür.

Digər tərəfdən, universitetlərin təhsil haqları hesabına formalaşan büdcəsi onların fəaliyyətinin davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Ali məktəblər həmin vəsaitlər hesabına müəllimlərin, alimlərin və inzibati heyətin əməkhaqlarını maliyyələşdirir, maddi-texniki bazanı yeniləyir və tədris imkanlarını genişləndirirlər.

Universitetin maliyyə imkanları nə qədər geniş olarsa, yüksək potensiala malik, tanınmış və beynəlxalq təcrübəyə sahib müəllimləri tədris prosesinə cəlb etmək imkanları da bir o qədər artır. Bu baxımdan, təhsil haqqının müəyyən səviyyədə olması ali məktəblərin keyfiyyətli kadr siyasəti aparması üçün vacib amillərdən biridir.

Lakin məsələyə tələbə və valideynlərin maraqları baxımından yanaşdıqda vəziyyət fərqlidir. Azərbaycanda əhalinin gəlirləri ilə mövcud təhsil haqları arasında ciddi uyğunsuzluq var. Bir çox ailə övladının universitetdə təhsil alması üçün illik ödənişi qarşılamaqda ciddi maliyyə çətinliyi yaşayır".

AQC sədri əlavə edib ki, banklar tərəfindən təhsil kreditlərinin əlçatanlığının artırılması vacibdir. Valideynlərin əlavə ağır şərtlər və yüksək ilkin ödənişlərlə üzləşmədən təhsil krediti əldə etməsi və borcu il ərzində gəlirlərinə uyğun şəkildə ödəməsi üçün daha çevik mexanizmlərin yaradılmasına ehtiyac var:

"Eyni zamanda, universitetlərdə dövlət hesabına, yəni ödənişsiz təhsil imkanlarının genişləndirilməsi də mühüm məsələdir. Təhsil birbaşa ölkənin gələcəyi ilə bağlı olduğundan, ödənişli təhsilin getdikcə üstün mövqeyə keçməsi və dövlət hesabına yerlərin azalması uzunmüddətli perspektivdə arzuolunan hal deyil.

Düşünürəm ki, dövlət tərəfindən müəyyən meyarlar hazırlanaraq hansı universitetlərdə ödənişsiz təhsil yerlərinin daha çox olması təşviq edilə bilər. Bu ali məktəblərə əlavə dövlət dəstəyinin göstərilməsi onların daha çox tələbəyə ödənişsiz təhsil imkanı yaratmasına şərait verə bilər.

Nəticə etibarilə, universitetlərin maliyyə dayanıqlığı ilə tələbələrin təhsilə əlçatanlığı arasında balans yaradılmalıdır. Keyfiyyətli təhsilin təmin edilməsi ilə yanaşı, ailələrin üzərinə düşən maliyyə yükünün azaldılması və daha çox gəncin ödənişsiz təhsil imkanlarından yararlanması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır".
OXŞAR XƏBƏRLƏR