Bir Vətənsən, adın Ağdam!

SOSİAL
21:18 25.11.2021
179
Bir şəhərsən, adın Ağdam... Yadındadır? 28 il əvvəl qoynundakı ağ damların üzərini qara buludlar aldı...
 
Saya bildinmi? Neçə günahsız insanın qanı torpağına qarışdı?
 
Bəs de, görüm?.. Yerə sərilib səni qucaqlayan neçə körpənin göz yaşını canına çəkdin?
 
Ehh... Ağdam... Nə qara günlər gördün belə?! Bilirəm... "Təki bəxtin ağ olsun!” kəlməsini çox eşitmisən... Yəqin ki, "Qafqazın Xirosiması” adını almaq elə də asan iş deyil. Nə də urbisidin açıq nümunəsi olmaq...  Düşmənin zamanında ağ elədiyini hər kəsdən çox sən bilirsən. O ağılsız düşmən ağanın kim olduğunu necə unutmuşdu, görəsən?
 
Gəl, dostum, sarıl boynuma... Ürəyini boşalt... Ağına-qarasına baxmadan söy düşmənin üzünə... İllərlə sənin üzərində gəzən o çirkin ayaqlar artıq geri addımlayıb. Eşitmisən? Bizim əsgər bu dəqiqə onların yuxusuna girən ən qorxulu kabusdur.
 
Qulaq as... Daha bunları yadına salıb qanını qaraltmaq istəmirəm... Nəhayət ki, ağ günə çıxmağını qeyd etməyə gəlmişəm. Evimin damını yenidən ağartmaq istəyirəm.
 
Göyə bax, buludların rəngi də ağarıb. Yoxsa sənin yolunda canını fəda edənlərin nur üzüdür görünən? Mmmm, burnuma cənnət qoxusu gəlir... Sən nə gözəlsən belə? Süddən çıxmış ağ qaşıq kimisən. Heç kim və heç nə səni kirlədə bilmədi.
 
Ayaq səslərini eşidirsən? 10 milyon azərbaycanlı sənə sarı gəlir. Son damla qanını belə sənin bir qarış torpağın uğruna verməyə hazır 10 milyon əsgər...
 
Sənə kədər yaraşmır... Sənə kədər yaraşmır. Artıq gülümsəmək zamanıdır. Ən məsum gülüşün sahibi də elə sənsən. İçimdəki sevgi boyda şəhərsən... Yox, sən bir Vətənsən, adın Ağdam... Adın Ağdam!
 
Könül Əlibəyli
 

 

 


OXŞAR XƏBƏRLƏR