Bitmək bilməyən yol faciələri - Avtomobil qəzalarının əsas səbəbi nədir?

Bitmək bilməyən yol faciələri - Avtomobil qəzalarının əsas səbəbi nədir?
SOSİAL
18:03 03.07.2026
229
Məlum olduğu kimi, son zamanlar Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı kəskin artıb.

Yerli KİV-də demək olar ki, hər gün ölkənin müxtəlif bölgələrində baş verən avtomobil qəzaları ilə bağlı xəbərlər yayılır. Bu hadisələr nəticəsində onlarla insan həyatını itirir, yüzlərlə şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alır.

Qeyd edək ki, yol hərəkəti təhlükəsizliyi ilə bağlı mütəmadi maarifləndirmə işləri aparılmasına, sürücülərə dəfələrlə xəbərdarlıq edilməsinə və qanunvericiliyin sərtləşdirilməsinə baxmayaraq, qəzaların sayı hələ də yüksək olaraq qalır.

Bəs baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, yol qəzalarının artmasına səbəb olan bir neçə əsas amil mövcuddur:

"Magistrallarda əsas problemlərdən biri işıqlandırılmayan yollardır. Bu, ilk növbədə, təhlükə mənbəyidir. Sürət həddinin yüksək olması da qəza riskini artıran əsas amillərdəndir. Yəni yolda sürət yüksəkdirsə, təbii ki, qəza riski də daha çox olur. Digər problem isə nəqliyyat vasitələrini idarə edən sürücülərin bir-birinə qarşı dözümsüz davranmasıdır. Sürücülər arasında güzəşt etmək anlayışı demək olar ki, yoxdur. Məsələn, "mən baş yoldayam" kimi yanaşmalar üstünlük təşkil edir. Bu da yol hərəkəti qaydalarının pozulmasına səbəb olan əsas amillərdən biridir. Nəqliyyat vasitələrini idarə edən şəxslərin yol hərəkəti qaydalarına hörmətsiz yanaşması da qəzalara səbəb olan mühüm amillərdəndir. Çünki qaydalara əməl etməyən şəxslərdə bu, zamanla vərdiş halını alır və onlar qaydaları pozmağa davam edirlər".


A. Əsədovun sözlərinə görə, problemin digər mühüm səbəblərindən biri də yol hərəkətinin düzgün təşkil olunmamasıdır:

"Ən böyük problemlərdən biri nəqliyyat axınının vahid sistem üzrə tənzimlənməməsidir. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti bəzən xaotik xarakter alır. Məsələn, tıxac zamanı hər kəs avtomobili istədiyi kimi idarə etməyə çalışır. Bu zaman qəza baş verməsə belə, tıxac sürücülərdə stress və yorğunluq yaradır. Nəticədə onların diqqəti zəifləyir və uzun məsafələrdə nəqliyyat vasitəsini təhlükəsiz şəkildə idarə etmək çətinləşir".
OXŞAR XƏBƏRLƏR