"Hakimiyyət Ermənistanı rəqiblərinə təslim olan "əlil dövlət”ə çevirmək istəyir”.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş xarici işlər naziri Raffi Hovhannisyan deyib.
O hesab edir ki, indiki rəhbərlik Ermənistanın qarşısında duran vəzifələrin öhdəsindən gələ bilmir:
"Nikol Paşinyanın rəhbərlik etdiyi hökümət zəifdir və mövcud problemlərin öhdəsindən gələ bilmir. Biz dövlətçiliyimizi itirmək təhlükəsi ilə üz-üzəyik. Əgər bunun qarşısını almaq üçün heç nə etməsək, ölkəni təslim etmək və mütəşəkkil şəkildə məhv olmaq yolundayıq. Əminəm ki, dəyişikliklərə ehtiyacımız var", - deyə o söyləyib.
Keçmiş nazir vəziyyətdən çıxmaq üçün müxtəlif variantlar təklif edib. Xalqın boş oturmamalı, həyata keçirilməli səlahiyyətlərinin olduğunu bilməsi gərəkdiyini deyib.
Hovhannisyan vurğulayıb ki, baş nazir Nikol Paşinyan daxili legitimliyini itirib. Onun fəaliyyəti ölkəyə yeni itkilər və uğursuzluqlar gətirir.
Onun sözlərinə görə hakimiyyət Ermənistanı rəqiblərinə təslim olan "əlil dövlət”-ə çevirmək istəyir:
"Bu kontekstdə Azərbaycanla sülh müqaviləsi imzalansa belə, vəziyyəti xilas etməyəcək. Paşinyanın "məğlubiyyət siyasəti” istənilən halda müharibəyə gətirib çıxaracaq”.
Şəbnəm Zahir