Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.
Polis əməkdaşını döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun özü də iclasda iştirak edib. O, səhvini etiraf edərək, deputat həmkarlarından üzr istəyib. Belə bir hadisənin baş verməsinə görə, təəssüfləndiyini söyləyib.
İntizam komitəsinin üzvü olan millət vəkili Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında Eldəniz Səlimovun bu gün keçirilən iclasda çıxış etdiyini və etdiyi əməllərdən peşman olduğunu bildirib:
"İntizam komitəsinin bu gün keçirilən iclasında millət vəkili Eldəniz Səlimova da söz verildi. O, etdiyi əməldən və hərəkətdən peşman olduğunu etiraf etdi və iclasda iştirak edən millət vəkillərindən üzr istədi. Sonda respublika prokuroru Kamran Əliyevin Milli Məclisə təqdim etmiş olduğu, Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında müraciəti səsə qoyuldu. Komitə üzvləri bu müraciəti qəbul edib, Milli Məclisin müzakirəsinə təqdim etdilər".
F.Ağamalı polisi döyən Eldəniz Səlimovun mandatının ləğv edilib edilməyəcəyinə də aydınlıq gətirdi:
"Bəli, biz onun mandatının ləğv edilməsinə müsbət rəy verdik. Sabah isə Milli Məclisin iclası gözlənilir. Sabah qəbul edilən rəy səsə qoyulacaq. Millət vəkilləri müstəqildirlər və sabah veriləcək səslərə əsasən yekun qərar qəbul ediləcək".
Xatırladaq ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Günel Hüseynli