‘Biz idman mübarizəsinin şahidi olacağıq’ – Azad Rəhimov

İDMAN
12:01 10.06.2014
1266

Mayın 28-dən iyunun 6-dək ölkəmizdə IV Caspian Cup beynəlxalq turniri keçirilib.Yarışın qalibi İran komandası olub.

AZXEBER.COM SİA-ya istinadən xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov başa çatan turnirlə bağlı təəssüratlarını bildirib: “Azərbaycan son illərdə beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmağa başlayıb. Bunun səbəbi müxtəlif idman növləri üzrə idmançılarımızın əldə etdiyi nailiyyətlər, eləcə də Bakıda və respublikamızın digər şəhərlərində təşkil olunan mötəbər turnirlərdir. Sevindirici haldır ki, futbol yarışları da bu baxımdan istisna deyil. 2010-cu ildən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Caspian Cup beynəlxalq turniri keçirilir. Bu turnir ilk dəfə təşkil olunduğu zaman bildirilmişdi ki, yarış ənənəvi xarakter daşıyacaq və çox müsbət haldır ki, 4 il öncə səsləndirilən bu fikir həyata keçdi. Artıq Caspian Cup ənənəvi bir turnirdir və burada təkcə Avropanı deyil, digər qitələri də təmsil edən komandalar iştirak edir. İndiyə qədər bu turnirdə İspaniya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Uruqvay, Yaponiya və futbol sahəsində ciddi uğurlara nail olmuş digər ölkələrin komandaları çıxış edib və turnirdən məmnunluqlarını dilə gətiriblər. Bu il Asiya Futbol Konfederasiyasının üzvü olan İran yığması ilk dəfə olaraq turnirdə iştirak etdi və bütün oyunları yüksək səviyyədə keçirərək IV Caspian Cup beynəlxalq turnirinin qalibi oldu. Bu fakt da özlüyündə Caspian Cup turnirinin sərhədlərinin təkcə Avropa ilə məhdudlaşmadığını göstərir. İnanıram ki, bu turnir gələcək illərdə də böyük müvəffəqiyyətlə təşkil olunacaq və biz maraqlı oyunların, idman mübarizəsinin şahidi olacağıq”.

OXŞAR XƏBƏRLƏR