'Biz münaqişələrin beynəlxalq hüquq prinsipləri, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdarıq'

SİYASƏT
13:33 26.04.2013
2332
Bakıda Azərbaycan və Rumıniyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Titus Korlatsean arasında görüş keçirilib.Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

E. Məmmədyarov deyib ki, görüşdə Azərbaycanla Rumıniya arasında 2011-ci ildə imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində fəaliyyət planı, ikitərəfli siyasi dialoqun və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, enerji sahəsində, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib. O bildirib ki, görüşdə diplomatik və xidməti pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsi və qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də müzakirə olunub.

T. Korlatsean isə ölkələr arasındakı münasibətlərin strateji tərəfdaşlığa əsaslandığını, məhsuldar siyasi, iqtisadi və mədəni münasibətlərin yarandığını vurğulayıb. O, E. Məmmədyarovu Rumıniyaya səfərə dəvət edib. Qonaq qeyd edib ki, Rumıniya Azərbaycanın ölkəyə sərmayə qoymasında maraqlıdır, eyni zamanda bir çox rumın şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir: “Rumıniya “Nabucco West” layihəsinin həyata keçirilməsinə tərəfdardır və yaxın həftələrdə bu layihə üzrə qərarların qəbulunu gözləyir”.

T. Korlatsean Azərbaycanın Əfqanıstandakı İSAF missiyasına töhfəsini yüksək qiymətləndirib. Nazir bəyan edib ki, ölkəsi həlli uzanan bütün münaqişələrin həllini istəyir: “Rumıniya münaqişələrin beynəlxalq hüquq prinsipləri, o cümlədən ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır”.

OXŞAR XƏBƏRLƏR