Biz niyə xarici dil öyrənə bilmirik?- CAVABI BURADA

MARAQLI
15:23 04.09.2012
3152

Fazil QasımovCemiyyet.orgDil insanlar arasında ünsiyyət vasitəsidir. Bu cümləni yəqin ki ilk dəfə eşitmirsiniz. Deyilənlərə görə, insanlar ilk vaxtlar qırıq-qırıq səslər vasitəsilə bir-biriylə ünsiyyət saxlayırmış. Yəni, insanlar Yer planetində peyda olan kimi danışmağı bacarmırmış. Zamanla qırıq-qırıq səslər sözlərə çevrilib və sözlər məna ifadə edibdir. Sözlər vasitəsilə də cümlələr meydana gəlib. Fəqət bütün bu mərhələlərdə proseslər şifahi olaraq baş verib. Yazı, səsli dilin yaranmasından minilliklər sonra ortaya çıxıb. Tarixə müraciət etməkdə məqsədim, dilin yaranma prosesini bilməyin xarici dil öyrənilməsində faydalı ola biləcəyi haqqında düşüncələrimdir. Baxmayaraq ki, biz öz dilimizi bunları bilmədən öyrənmişik, xarici dil öyrənilməsində edilən səhvlər bunları xatırlatmağı zəruri edir.

Bu yazıda xarici dil öyrənilməsinin yolları haqqında eşitdiklərimdən deyil, konkret yaşadıqlarımdan sizə bəhs edəcəm.

Çoxlarımız xarici dillə orta məktəbdə rastlaşırıq. Azərbaycanlıların xarici dil öyrənməsində avantajları var. Məsələn, rus dilinin danışıldığı bir mühitdə böyümüş azərbaycanlı əziyyət çəkmədən, kurs keçmədən dilimizdən çox uzaq bir dil strukturuna, dil vahidlərinə sahib dili asanlıqla öyrənir. Bu əslində dil öyrənmə haqqında bizə ipucları verir (öz dilini danışa bilməyənləri nəzərdə tutmuram).

İnsan doğma dilini necə öyrənir, öncə buna nəzər salaq.

Uşaq dünyaya gələndən, valideynləri və körpənin ətrafında olan digər şəxslər tərəfindən əzizlənir. Müəyyən müddət sonra artıq uşaq valideynlərinə reaksiya verir. Onların nə demək istədiyini başa düşür. Məsələn, bunu etmə, ora getmə, onu yemə və s. şəklində valideynlərin qoyduğu qadağaları uşaq tezliklə anlayır. Zamanla uşaq dil açır. Əvvəl ayrı-ayrı sözləri söyləsə də, bir müddət sonra cümlələr qurmağa başlayır. Baxçaya gedəndə artıq uşaq özünü ifadə etməyi bacarır.

Bütün bu prosesi xatırlatmaqla, sizin diqqətinizi daha əlifba, yazı pozu bilməyən uşağın özünü ifadə etməsinə çəkmək istəyirəm. Uşaq yazını öyrənəndə artıq o, həm danışılanları başa düşür, həm də müəyyən səviyyədə özünü ifadə edə bilir. Maraqlıdır, xarici dil öyrənən bir şəxsin onun öz dilində əlifba öyrənəndə bildiyi dil səviyyəsinə öyrəndiyi xarici dildə gəlməsi üçün nə qədər zamana ehtiyacı var? Müşahidələrim bunu göstərir ki, orta məktəbdə 7-8 il xarici dil dərsi alan şəxs bu səviyyəyə gəlib çatmır.

Məncə vermək istədiyim mesaj artıq sizə aydındır. Bizim orta məktəblər xarici dil öyrətmir, əksinə bizim xarici dil öyrənmə qabiliyyətlərimizi korlayır. Sadəcə orta məktəblər deyil, bəzəkli cəlbedici reklam panelləriylə binalarını bəzəyən dil kurslarının dil öyrədilməsində etdiyi səhvlər orta məktəblərinkindən çox da fərqlənmir. Bəziləri kommersiya məqsədilə, bəziləri də orta məktəblər kimi səriştəsizlikdən bu səhvləri edir.

Sizə daha bir maraqlı sual verim? Orta məktəbdə xarici dildə (məsələn, ingilis dilində) bir audio-nu həmin dili öyrənməyə başladıqdan nə qədər sonra dinləmisiniz? Nə qədər absurd olsa da, deyim ki, mən ingilis dilini öyrənməyə başlayandan 8 il sonra ingilis dilində audio dinləmişəm. Dünyada bizim müəllimlər qədər şagirdlərin dil öyrənmə qabiliyyətini koraldanlar görəsən var?

Bəs nə etməli? Orta məktəbə getməyə bilmərik. Onsuz da çoxumuz artıq getmişik. Yəni, olan olub, keçən keçib, illərimiz bada gedib. Daha bir çıxış yolu olmayacaq?

Çıxış yolu var, dostlar. Çıxış yolu orta məktəbin sizin xarici dil öyrənmə qabiliyyətlərinizə vurduğu yaranı sağaltmaqdır. Öncə problemi, onun səbəblərini başa düşməyə çalışın. Problemi başa düşmədən metod müəyyənləşdirmək uğursuzluq gətirir. Problemdən qaçmaq problemi həll etmək deyil. Həllini yubatdığınız problemlər sizi narahat edəcək, sizin əhval-ruhiyyənizi korlayacaq.

Buraya qədər yazdıqlarımdan çıxarılan nəticə budur ki, biz sadəcə kağız üzərində xarici dil öyrənmişik. Kağız üzərində öyrənilən dillə düşünmək, özünü ifadə etmək, səlis danışmaq mümkün deyil! Xarici dildə dinləmə vərdişi olmadan, dinlədiklərini başa düşmədən o dildə düşünmək imkansızdır! Yazıya bağlı dil öyrətməklə müəllimlər bizim vaxtımızı çalıb. Bizi yola verib! Bizi “enayi” yerinə qoyub! Haqq etmədikləri maaşlarını alıb, üstündən də su içib!

Sadəcə yazıya bağlı dil öyrənmək, dilin təbiətinə ziddir. Bununla biz dilin vahidlərini qəlibləşdiririk, cümlə strukturlarını mexaniki surətdə əzbərləyirik və bunun nəticəsi olaraq yazılanları görmədən başa düşmürük. Dilin vahidlərini mənimsəmədən cümlələr qurmağa səy göstəririk. Olacaq bir şey deyil! Boşuna özünüzü yormayın. Gedin roman oxuyun, parkda gəzin, mahnı dinləyin, teleseriala baxın. Bunlar elə heç bir işə yaramayan, mənasız, usandırıcı  vərdişlərlə məşğul olmaqdan daha faydalıdır, daha maraqlıdır.

Sualı təkrar edirəm: bəs nə etməli?

Birinci növbədə, başdan bəri bəhs etdiyim saçma vərdişləri dayandırmalısınız. Yazıya bağlı dil öyrənməklə keçirdiyiniz vaxtı indi öyrəndiyiniz xarici dildə mahnı dinləyərək, film izləyərək, xəbərlərə baxaraq, səsli kitablara qulaq asaraq keçirməlisiniz. Başlanğıcda bəlkə heç bir şey anlamayacaqsınız. Bu təbiidir. İndi bülbül kimi cəh-cəh vurduğunuz öz dilinizdə də lap körpə olarkən heç bir şey anlamırdınız. Yatanda ingilis dilində səsli kitabları (audiobooks) komputerdə açın və səhərə qədər onu yatmış olsanız da dinləyin. İnsan yatarkən şüuraltı olaraq dinləmə modunda olur. Yarı-yuxulu halda xarici dilə “qulaq alışqanlığı” daha çox yaranır, nəinki ayıq halda, şüurlu vəziyyətdə dinləyərkən.

Səsli dili inkişaf etdirmək o dildə düşünmək, danışılanları anlamaq, özünü ifadə etmək üçün birinci şərtdir. Səsli dili inkişaf etdirmədən o dili öyrənmiş sayılmazsınız. Burada Nizami Gəncəvinin həcmcə qısa, mənaca dərin bir şerini xatırlatmaq istəyirəm:

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Bəli, yarımçıq papaqçılığı öyrənməkdənsə, kamil bir palançı olmaq yaxşıdır. Səsli dili öyrənmək palançı olmaq üçün keçilməsi zəruri olan mərhələdir.

OXŞAR XƏBƏRLƏR