Bizi “Tik-Tok”erlərin önündə “iki qəpiklik” edən DSX – Helikopterin pərinə ilişən suallar

Bizi “Tik-Tok”erlərin önündə “iki qəpiklik” edən DSX – Helikopterin pərinə ilişən suallar
SOSİAL
17:45 01.12.2021
6533

Azərbaycan mətbuatının köklü tarixi var. Həm də lap köklü, özü də iki əsrə yaxın.

Amma ölkədə baş verən dəhşətli helikopter qəzasından ilkin məlumatları oxucu aparıcı media orqanlarından deyil, müxtəlif "Youtube”, "Tik-tok” və ya "teleqram” kanallarından öyrənirsə deməli, bu iki əsrlik tarix ancaq tarix olaraq əhəmiyyət daşıyır.

Qalanı təfərrüatdır, qalanı ammalardan öncə deyilən söz qədər səmimidir. Bu haqda bir az sonra.

Əvvala ondan başlayaq ki, helikopter qəzaları dünyanın bütün ölkələrində yaşanır. Ən azından elə bir ölkə yoxdur ki, orada hansısa bir qara qutusu açılmayan, araşdırması uzun illər sürən təyyarə və ya helikopter qəzaları olmasın.

Yalnız 2020-ci ildə, pandemiya həyatımızı ağuşuna aldığı dönəmdə cəmisi dünyada bir helikopter qəzası baş verib. O da, 26 yanvarda təqaüdçü basketbolçu Kobe Bryant və onun 13 yaşlı qızı Gianna Marianı daşıyan "Sikorsky S-76” helikopterinin Kaliforniyanın Calabasas şəhəri yaxınlığında qəzaya uğraması idi. Vəssalam.

Hadisədən sonra onun təfərrüatı, ümumiyyətlə hadisənin bütün detalları ictimaiyyətə açıqlanıb. Özü də bir neçə saat sonra.

Deməli mümkündür.

Məsələn, elə bu ilin 4 mart tarixində Türkiyənin Bitlis şəhərinin Tatvan rayonuna gedən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "Eurocopter AS532 Cougar” helekopter qəzasını yadımıza salaq.

Qəzada təyyarədə olan 11 türk hərbçisi həlak olub, digər 2 hərbçi isə qəzadan sağ çıxmışdı.

Qəzadan bir müddət sonra 8-ci Korpusun komandiri general-leytenant Osman Ərbaş aldığı yaralardan dünyasın dəyişmişdi.

Bu hadisədən sonra da, Türkiyə mediası dəqiqəbədəqiqə yenilənən xəbərləri ictimaiyyətə çatdırırdı. Oxucu məlumatı mətbuatdan öyrənirdi, nəinki bir "Tik-tok”, nəinki dezo yaymaqla məşhurlaşan "Youtube”dəki səhifədən.

Deməli bu da mümkündür.

Amma nədənsə nə Türkiyədəki general-leytenant Osman Ərbaşın olduğu 11 türk hərbçisinin öldüyü helikopter qəzasında, nə də digər ölkələrdə baş verən helikopter qəzalarında o ölkənin ictimaiyyəti fərziyyələr ürətmir. İnsanlar rəsmiləri gözləyir və onların cavablarına inanır.

Heç bir yerdə bizdəki kimi, sosial şəbəkələrdə, "Yotube”da hay-küyçülər tərəfindən "dedektiv”lik ədası sezilmir. İnsanlar özlərini Erkül Puaro zənn edib, barmağını "evrika” deyə dişləmir.

"Təxribatdır!” ifadəsini nəinki işlətmir, heç düşünmür də.

Deməli elə bu da mümkündür.

O, zaman xanımlar və cənablar dönək onlarda mümkün olub, bizdə mümkün olmayanın cavabını tapmağa. Axı o, əjdahadan bizdə niyə yoxdu?

Helikopter qəzasında həlak olanların sayının sosial mediada yayımlanması ilə DSX-nın rəsmi xəbər verməsi arasında ümumilikdə 4-5 saat fərq yarandı. Bu isə hansısa "Tik-tok", "Youtube" kanalının Elçin Quliyevin rəhbərlik etdiyi qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə ard-arda xəbərdə 5 qol atması kimi bir şeydir.

Burada DSX kimi bir qurumun mətbuat şöbəsi mətbuatı xəbərdə gecikdərməklə, alternativ informasiya qaynaqlarına cığır açdı. Bu cığırdan keçən dezinformasiyalar, mediaviruslar üçün əvəzsiz qida, əvəzsiz nemət olaraq dəyərləndirildi. Nəticədə cəmiyyətin informasiya ehtiyacını "Tik-Tok”çular, "İnstagram”dakı bloggerciklər, "Teleqram”dakı məşhur hay-küyçülər qarşıladı. Yekunda ölkənin iki əsrlik media tarixi ayaqlar altına alındı, Azərbaycan oxucusu ölkə mediasında bilərəkdən uzaqlaşdırıldı.

Təkcə problem medianın xəbəri gec verməsi və ya sosial şəbəkələrdə yayılan informasiyalarla 4-5 saat sonra yayılan rəsmi xəbərlərin üst-üstə düşməsi deyil. Bunun özü də bir ayrıca tragikomik haldır. Amma məsələ həm də, cəmiyyətin düşüncəsinin bulanmasıdır.

DSX-nın məlumatı gec verməsi Avropadan Azərbaycana palçıq atan şəxslərin palçığına da su qatdı. Onu daha da yapışqan, daha da çirkli etdi. Nəticədə sosial şəbəkələrdə yayılan təyinatsız xəbərlər, "Youtube”dakı sözbazların beyin yuma taktikalarına xidmət etdi.

İndi isə insanların açıq qalan sualları helikopterin pərində ilişib qalıb.

Yekunda yenə dezo yayanlarla mübarizə aparmaq peşəkar medianın ümidinə qalır.

OXŞAR XƏBƏRLƏR