"Bir gözü sağaldırlar, o biri gözü vurub çıxarırlar”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat qiymət artımını düzgün saymadığını bildirib: "Vergi sahəsində yükün artırılması, gömrük rüsumlarının artırılması, bir çox xidmət qiymətlərinin artırılması, vergidən və gömrükdən daha çox verginin və rüsumun cəlb olunaraq dövlət büdcəsinə köçürülməsi həmin idarələrin başını uca edir. Elə bil, Azərbaycanda bir yarış başlayıb ki, kim daha çox rüsum və vergi ödəyəcək, dövlət büdcəsinə kim daha çox daxilolmaları artıracaq. Bunlar daha çox vergi, rüsum ödəyir, başları uca olur, amma yerdə qalan 10 milyon insan bunun əziyyətini çəkir. Bir gözü sağaldırlar, o biri gözü vurub çıxarırlar. Bir sahədə qiymətin artması bütöv sahələrə təsir edir. Bir sahədə rüsumların artması digər üç sahəni iflic edir. Mən bunu düzgün saymıram. Mən son zamanlar marketlərə girməmişəm, amma bizim evdə də qiymətlərin od tutub yanmasından danışırlar. İnsanlar da deyir ki, 3 manata aldığım yağı indi 7-8 manata alıram. Günəbaxan yağının 1 litrində 2-3 manat, bəzən 30, 40, 50 faiz artım müşahidə olunur. Bu insan evinə bir kiloqram nəsə alırdısa, indi yüz qram almaq məcburiyyətindədir. Bu insan necə yaşayacaq? Çox böyük problem yaranır, indi də qarşıdan qış gəlir, soyuqlar balşlayıb, insanlar çox əziyyətə qatlaşmalı olacaqlar”.
Razi Nurullayevin sözlərinə görə, bütün bu artımlar insanların dolanışıq səviyyəsinin aşağı düşməsinə səbəb olur və onları çətin duruma salır: "Birmənalı olaraq doğru-dürüst əsaslandırmaq lazımdır. Təbii qazın qiymətində təxmini 20-30 faiz artım oldu. Amma burada 20 faiz artım varsa, ərzaq məhsullarında bu, özünü 40-50 faiz göstərir. Bu, necə doğru ola bilər? Mən hesab edirəm ki, dövlətin bu məsələyə çox ciddi şəkildə müdaxiləsi lazımdır ki, qiymətlər normallaşsın və ya bazarlarda, marketlərdə qiymətlərin azaması üçün lazım olan addımlar atılsın ki, iş adamları məhsulu daha ucuz satmaqda maraqlı olsunlar. Yoxsa biz bütün rüsumları qaldırmaqla buna nail oluruq ki, bütün ərzağın da, digər vacib məhsulların da qiyməti artsın. Bütün bu artımlar insanların dolanışıq səviyyəsinin aşağı düşməsinə səbəb olur və onları çətin duruma salır. Bu bir çox insanın aclığına, bir çox insanın ev-eşiyini satıb onunla dolanmasına, bir çox insanın küçələrdə qalmasına səbəb olacaq. Bəzilərinin isə, ümumiyyətlə, Azərbaycandan köçməsinə şərait yaradacaq. Bu gün Azərbaycanda olan qiymətlər dünyada olan real qiymətlərlə uyğun deyil. Bu, necə qalxdı, kim qaldırdı, kim tənzimlədi, tənzimləyə bilmirdilərsə, digər sahələrdə qiyməti niyə artırdılar? Araşdırılmalıdır, günahkarlar ortaya çıxmaldır və qiymətlərin tənzimlənməsi üçün çox ciddi addımlar atılmalıdır”.
Xatırladaq ki, Maliyyə Naziri Samir Şərifov jurnalistlərə açıqlamasında Azərbaycanda elektrik enerjisinin, təbii qaz tariflərinin, bəzi məhsulların bahalaşmasından danışıb.
"Bilirsiniz ki, Azərbaycana bəzi məhsullar xaricdən gətirilir. Bunların qiymətinə Azərbaycan hökuməti hansısa formada təsir edə bilirmi? Xeyr! Azərbaycana kommunal sahəyə aid olan idxal məhsulları var. Bu isə istər-istəməz maya dəyərinin formalaşmasına təsir edir. Maya dəyəri bahalaşırsa, məhsulu satan şirkət də bunu satdığı məhsulun qiymətində əks etdirir”,- S.Şərifov əlavə edib. Nazir dünya bazarlarında neftin qiymətinin bahalaşması fonunda Azərbaycandakı bahalaşmanın səbəblərini də izah edib: "İlkin mərhələdə budcə proqnozlarıda neftin qiyməti aşağı səviyyədə tutulmuşdu. Ona görə də neft ucuzlaşanda biz tarifləri aşağı salmırdıq. Hazırda bizdəki tarıflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır. Təbii qazın qiyməti baxın görün ki, dünyada hansı səviyyədədir, bizdə hansı səviyyədə”, - nazir bildirib.
Aydın Nuri