“Milli Məclisdə komitə sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini və ideoloji məsələlər üzrə məsul şəxsəm. Mənim tutduğum vəzifələr kifayət qədər sanballı vəzifələrdir”.
AZXEBER.COM xəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Media forum” saytına belə deyib.
Özünün yeni vəzifəyə təyin olunma ehtimalına dair sualı cavablandıran Mübariz Qurbanlı qeyd edib ki, hazırkı vəzifələrindən razıdır: “İnsanların “vəzifə” deyəndə nəyi nəzərdə tutduqlarını bilmirəm. Nəyə görə bizim vəzifələri nazir postundan aşağı sayırlar? Hesab edirəm ki, bizim vəzifələr nazir postundan geri qalmır. 600 min üzvü olan bir partiyanın rəhbərliyində təmsil olunmaq böyük vəzifədir.
Əli Əhmədov YAP sədrinin müavini, icra katibidir, indi də baş nazirin müavini təyin olunub. Bu, prezidentin böyük etimadıdır. Siyavuş Novruzov partiyada təşkilatı işlərə baxır və bu işləri çox uğurla aparır. Biz vahid komanda kimi öz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Prezident seçkisində hamı bunu bir daha gördü. Ona görə də bizim vəzifə tutub-tutmayacağımız haqda suallar təəccüb doğurur. Həmin suallara cavab olaraq deyirəm ki, axı tutduğum vəzifənin nəyi sizin xoşunuza gəlmir ki, mənə başqa iş axtarırsınız? Tutduğum vəzifə məni qane edir və çox razıyam. Hətta bundan zövq alıram, çox gözəl işdir. Bizim işimiz ümummilli və dövləti vəzifədir”.
Deputatın fikrincə, yeni təyinatlar ölkənin inkişafına təkan olacaq: “Prezident İlham Əliyevin nüfuzu çox yüksəkdir və yenidən xalqın etimadını qazanıb, dövlət başçısı seçilib. Prezident eyni zamanda YAP-ın sədridir. Mən də partiyanın funksioneriyəm. İlham Əliyevin verdiyi qərarlar bizim üçün birbaşa göstərişdir.
Cənab prezidentin hökumətin yeni tərkibinə YAP-ın sədr müavini-icra katibi Əli Əhmədovu daxil etməsi partiyaya verilən əhəmiyyəti göstərir. Eyni zamanda kadrların yenilənməsi baxımından çox mühüm hadisədir. Hesab edirəm ki, bu, cəmiyyətdə birmənalı olaraq müsbət hal kimi qiymətləndirilir. Baş nazir təyin olunub, Nazirlər Kabineti formalaşdırılıb. Yeni hökumət, orada edilən dəyişikliklər prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın həyata keçirilməsində geniş və hərtərəfli fəaliyyət göstərəcək. Dövlət başçısı andiçmə mərasimində proqram xarakterli çıxış edib, çox ciddi istiqamətlər və hədəflər müəyyən edilib. Prezidentin tapşırıqlarını, göstərişlərini həyata keçirməyə qadir olan komanda var və bu komanda bütün işləri çox uğurla yerinə yetirəcək”.