Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və ‘Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə 04 -07 noyabr 2013 –cü il tarixləri arasında “BİZnes GƏNClik” layihəsi keçiriləcək.
Bakı şəhərində baş tutacaq layihənin icrasının başlıca məqsədi tələbə və gənclərin fərdi biznes təşəbbüslərinin dəstəklənməsinə, onların biznesin təşkili və idarə edilməsində bacarıqların əldə olunmasına və biznes sahəsində kadr hazırlığına töhfə verməkdən ibarətdir.
“BİZnes GƏNClik” düşərgəsi 4 gün müddəti əhatə edəcək və 100 - ə yaxın gəncin təkmilləşməsinə, təcrübə toplamasına və fərdi biznes ideyaların reallaşdırılmasına imkan yaradacaq.
İştirak üçün müraciət:
14-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır. Əsasən sahibkarlıq və biznes istiqamətinə marağı olan və iqtisadiyyat və biznes ixtisası üzrə təhsil alan gənclər üstünlük veriləcək.
İştirak üçün müraciət etmək istəyənlər 03 noyabr 2013 –cü il tarixinə qədər qeyd olunan linkə www.youthnetwork.az - a daxil olub ərizə formasını tam doldurub müraciət edə bilərlər.