“Bölgədə olacaq müddətli Türkiyə və Rusiya sülhməramlıları təhlükəsizliyimizin qarantıdır”

“Bölgədə olacaq müddətli Türkiyə və Rusiya sülhməramlıları təhlükəsizliyimizin qarantıdır”
SİYASƏT
13:17 13.11.2020
583

"10 noyabr tariximizə qürür və fəxarət yaşadan bir gün kimi yazıldı. Vətən müharibəsi Böyük Zəfərimizlə başa çatdı".


Bu sözləri Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov AZXEBER.COM-a açıqlamasında bildirib. Akademikin sözlərinə görə, bölgədə olacaq müddətli Türkiyə və Rusiya sülhməramlıları təhlükəsizliyimizin qarantı rolunda çıxış edəcəklər:

"Qələbəmiz ərazi bütövlüyümüzü təmin etməklə Konstitusiyamızı tamlaşdırdı. Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Müzəffər Ali Baş Komandan başda olmaqla Rəşadətli Ordumuz işğalçı Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbənin siyasi-diplomatik müstəviyə daşıdı. İmzalanmış bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyət daşıyır. Bu Mərkəzdə sülhün qarantı kimi Türkiyə və Rusiya hərbçiləri birgə fəaliyyət göstərəcək. Hər iki ölkə də bizim üçün dost, qonşu ölkədir. Bununla da başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır. Bu, o deməkdir ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Yəni, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya birgə iştirak edəcək”.

Ə.Əmiraslanovun sözlərinə görə, sosial mediada bəzi maraqlı qüvvələrin ictimai rəydə çaşqınlıq yaratmaq istəyir və bununla da mövcud vəziyyətdən istifadə edirlər:

"Çox təəssüflər olsun ki, bu gün sosial mediada bəzi maraqlı qüvvələr Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə məkirli məna qatmaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Əslində isə Rusiya sülhməramlılarının fəaliyyətinin əsas mahiyyətini təhrif edən həmin qaragüruhçular unudurlar ki, bu sadəcə bölgədə təhlükəsizliyə nəzarət prosesidir. Bölgəyə Rusiya sülhmərmalılarının gəlişindən narahatçılıq keçirənlərə səslənirəm. Kimsə narahat olmasın. Bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Bu sadəcə Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhməramlı hərbçilərin mövcudluğundan ibarət olacaq. Görsənən odur ki, dövlətimizin ərazi bütövlüyünü konstitusiya müstəvəsində bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əlievin Prezident və Sərkərdə kimi əldə etdiyi uğurlara kolgə salmaq istəyən qara qüvvələr sanki pusquda durublar. Bu qüvvələr müharibənin istənilən uğurlu nəticəsində çaşqınlıq yaratmaq üçün hazırladıqları məkrli planlarını işə salıblar. Ancaq onların bu planlarının işə düşməsi müşkül məsələdir. Çünki xalqın cənab Prezidentlə həmrəyliyi bütün manelərə sinə gərir. Ümumiyyətlə, dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim Böyük Zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşanın hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 200 illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bu müjdə Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qarşılandı. Eyni zamanda, son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan ötən illər ərzində bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Cənab Prezidentin apardığı hücum xarakterli diplomatik səylərin nəticəsində dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Məhz aparılan bu uğurlu siyasət nəticəsində Azərbaycan bugünkü Qələbəyə nail oldu. Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin ediməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və bütün ərazilərimiz erməni silahlı qüvvələrindən azad edildi. Ermənilərin illərlə planlaşdırdığı Dağlıq Qarabağda dövlət yaratmaq arzusu alt-üst edildi. Bunula bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq, azad olunmuş ərazilərdə yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edəcək, həmin ərazilərimizdə olan bütün inzibati binalarda yalnız Azərbaycan Respublikasının üç rəngli bayrağı dalğalanacaq, yalnız Azərbaycan Respublikasının qanun və normativ hüquqi aktları tətbiq olunacaq, yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, azad olunmuş bütün torpaqlarımızda Azərbaycan polisi xidmət göstərəcəkdir. Bu qələbə ilə ermənilərin uzun illər işğal altında saxladıqları 132 km-lik Azərbaycan-İran sərhədi də azad edildi. Heç bir danışıqlar masasında müzakirə olunmayan və cənab Prezidentin şəxsi tələbi ilə Azərbaycan üçün çox böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Naxçıvan Muxtar Respublikası ilə bütün kommunikasiya xəttləri bərpa ediləcək,Azərbaycanla Ermənistan arasında yalnız dövlət sərhəd xətti mövcud olacaq, onu da Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qoruyacaq. Beləliklə Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Müzəffər Ali Baş Komandana, Yaşasın Azərbaycan xalqı! Eşq olsun Rəadətli Azərbaycan Ordusuna!”

OXŞAR XƏBƏRLƏR