"Bölgəyə sülh və inkişaf gətirmiş Zəfər"

"Bölgəyə sülh və inkişaf gətirmiş Zəfər"
SİYASƏT
10:44 18.06.2021
651
44 günlük Vətən Müharibəsində dünyanın marağı Azərbaycana, Azərbaycanın apardığı ədalətli müharibəyə yönəlmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər həm də dünya ictimaiyyətinə ünvanlanmışdı: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!". Xalq bu müqəddəs savaşın qələbə ilə nəticələnəcəyinə əmin idi: bu əminlik ordunun silahlanmasına ən müasir döyüş texnikalarının, uçuş aparatlarının daxil edilməsinin, ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının, yüksək vətənpərvərliyinin, dövlətə, dövlətçiliyə sədaqətinin əminliyi idi.

Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək. Bu Zəfərlə Qarabağın hər yerinə sabitlik, əmin-amanlıq və ümid hakim olub.

Zəngəzura qayıdışın yolu torpaqlarımızın işğaldan azad edilməsindən, ərazi bütövlüyümüzün bərpa olunmasından keçirdi. Möhtərəm Prezident cənab İlham Əliyev buna nail olmaq üçün uzun illər hərtərəfli və kompleks siyasət yürütdü. Torpaqlarımızın azadlığı üçün hazırlıq bütün istiqamətlərdə aparıldı. Bu illərdə ordumuzun döyüş imkanlarının artırılmasını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayan dövlət başçısı Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə ifşa edilməsi üçün olduqca səmərəli siyasi-diplomatik fəaliyyət həyata keçirdi. Respublikamızın iqtisadi-maliyyə imkanlarının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olundu və bütün bunlar cəmiyyətimizdəki milli həmrəyliyi daha da yüksəltdi.

Azərbaycana, işğaldan azad olunmuş Qarabağa, həm də erməni işğalından qurtulmuş Türk torpaqlarına səfərini reallaşdıran ilk dövlət başçısı, bir araya gələrək, bütün dünyaya birliyin, sarsılmazlığın və həmrəyliyin növbəti sübutunu ortaya qoydular.

Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır.

Şuşa - Qarabağ xanlığının paytaxtı və şəhərsalma mədəniyyətinin nadir nümunəsidir.Həmçinin Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir.

İşğaldan azad olunmuş ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verəcəkdir. Yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri tikilir. Türkiyə də bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında yaxından iştirak edəcəkdir.

Tarixi hadisələrə, Zəfərlərə şahidlik edən Şuşamız Azərbaycan - Türkiyə qardaşlığının tarixində öz adını Tarixə yazdırdı. Hər dəfə də növbəti Zəfərlərə yürüdükcə Şuşa bəyannaməsi gözlər önünə gələcək, qeyd ediləcək.

Qarabağ Azərbaycandır!

Naftalan şəhər sakini Şahin Rüstəmov
OXŞAR XƏBƏRLƏR