BMT İsrail Müdafiə Ordusunun (IDF) "Hizbullah" qruplaşmasına qarşı əməliyyatı çərçivəsində hərbi əməliyyatların aparıldığı Livan üçün tələb olunan humanitar yardımın həcmini iki dəfədən çox artırıb.
Bu barədə "The Times of Israel" qəzeti BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinə (OCHA) istinadən xəbər verir.
Təşkilatın hesablamalarına görə, yaxın altı ay ərzində ölkəyə təxminən 640 milyon dollar lazım olacaq.
"Livandakı humanitar böhran dərinləşməkdə davam edir", – məlumatda qeyd olunub.
Sənədə əsasən, əhalinin təkrar köçürülməsi, sığınacaqların çatışmazlığı və evlərə təhlükəsiz qayıdış imkanlarının məhdudluğu əhalinin həssaslığını artırır. BMT xəbərdarlıq edir ki, zərərçəkənlərin böhranla mübarizə imkanları sürətlə tükənir, əsas xidmətlərin yükü isə artmağa davam edir.
Martda BMT Livan hökumətinin genişmiqyaslı fövqəladə əməliyyatının dəstəklənməsi üçün mayın sonunadək 308 milyon dollar tələb etmişdi. Təşkilat avqustun sonunadək əlavə daha 331 milyon dollara ehtiyacın olacağını bildirib.
OCHA-nın məlumatına görə, ilkin tələb olunan məbləğdən cəmi 185 milyon dollar daxil olub. Bu vəsait 2 mart – 31 may tarixlərində təxminən 680 min nəfərə yardım göstərməyə imkan verib.
İndi məqsəd Livanda humanitar yardıma ehtiyacı olan 1,4 milyon sakini əhatə etməkdir ki, bu da ölkə əhalisinin təxminən dörddə birini təşkil edir.
///Report











































