Panama avqust ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Panamanın BMT-dəki Daimi Nümayəndəsi, səfir Eloy Alfaro de Alba təşkilatın Nyu-Yorkdakı qərargahında fəaliyyət göstərən jurnalistlərə Təhlükəsizlik Şurasının aylıq proqramını təqdim edib.
Onun sözlərinə görə, Panamanın sədrliyi dövründə şuranın gündəliyində Haitidən Qəzzaya, dəniz təhlükəsizliyindən İran məsələsinə qədər geniş mövzular müzakirə olunacaq.
O bildirib ki, Haiti böhranı bu ay şuranın rəsmi gündəliyində olmasa da, üzv ölkələr üçün prioritet mövzulardan biridir. Siyasi, iqtisadi və təhlükəsizlik böhranının mürəkkəb xarakter daşıdığını qeyd edən səfir, təhlükəsizlik təmin olunmadan seçkilərin keçirilməsinin mümkün olmadığını vurğulayıb. Ayın son həftəsində bu mövzuda iclas və ya brifinq keçirilməsi nəzərdə tutulur.
Avqustun 11-də keçiriləcək yüksək səviyyəli açıq debatın məqsədinin hər hansı dövlətə mesaj göndərmək olmadığını deyən səfir, müzakirələrin əsas mövzusunun dəniz təhlükəsizliyi və Panamanın beynəlxalq ticarətə verdiyi töhfələr olacağını qeyd edib. O, həmçinin Panama kanalının genişləndirilməsi və su ehtiyatlarının artırılması istiqamətində görülən işlərdən danışıb.
Ayın sonunda isə Livandakı BMT Sülhməramlı Qüvvələrinin (UNIFIL) mandatının uzadılması məsələsi müzakirə olunacaq. Səfir əlavə ki, bəzi ölkələr missiyanın artıq məqsədinə çatdığını və fəaliyyətini dayandırmasının vaxtı gəldiyini düşünür, digərləri isə mandatın uzadılmasının vacibliyini vurğulayır.
Qəzza zolağındakı humanitar vəziyyətin hər bir şura üzvünü narahat etdiyini deyən səfir, ABŞ-da son günlər humanitar böhrana dair xəbərlərin intensivləşdiyini, aclıq probleminin real olduğunu bildirib. O, bu diqqətin gələcək siyasi həll prosesinə müsbət təsir göstərə biləcəyinə ümid etdiyini vurğulayıb.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlıqdan imtinası məsələsinin də avqust ayında şurada müzakirəyə çıxarılacağı gözlənilir. Panama nümayəndəsi, həmçinin ölkəsinin Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyinə təhdid yaradan vəziyyətlərlə bağlı tənqidi mövqeyini ifadə edib və bu mövzunun da müzakirə ediləcəyini qeyd edib.
//Report