Avropa İttifaqının baş diplomatının gürcü xalqının demokratik iradəsi ilə seçilmiş Gürcüstan hökuməti ilə əlaqə qurmağa çalışmadığını açıq şəkildə bildirməsi təəssüf doğurur.
Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili "Facebook" səhifəsində Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın bugünkü açıqlamasına şərhində yazıb.
Nazir əsl tərəfdaşlığın təməlinin kənarlaşdırılma deyil, dialoq olduğunu qeyd edib.
"Gürcüstan Avropa İttifaqı ilə hörmətə və qarşılıqlı anlaşmaya əsaslanan tərəfdaşlığa əvvəlki kimi sadiq qalır. Lakin biz gürcü xalqının demokratik seçiminə məhəl qoyulmamasına susa bilmərik. Demokratiya seçicilərin qərarına hörmət deməkdir", - XİN başçısı yazıb.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də Kaya Kallasın bəyanatını sərt tənqid edib. O, Aİ rəsmisini Gürcüstan hakimiyyətinə qarşı hücumda ittiham edərək bildirib ki, bu cür ritorika Gürcüstan cəmiyyətinin Brüsselə onsuz da zəif olan etimadını daha da sarsıdır.
Qeyd edək ki, Kaya Kallas bu gün Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləmək istədiyini deyib.










































