Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir

Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
SOSİAL
14:04 21.10.2026
116
Son illər boşandıqdan sonra keçmiş ər-arvadın eyni mənzildə yaşamağa davam etməsi hallarına rast gəlinir.
 
Bəzi hallarda buna maddi çətinliklər, mənzil probleminin həll olunmaması və ya övladların qayğısı səbəb olur. Lakin rəsmi boşanmadan sonra eyni evdə yaşamaq tərəflər arasında gələcəkdə müxtəlif hüquqi mübahisələrə yol aça bilər.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan vəkil Roman Qaraşov bildirib ki, boşanmadan sonra keçmiş ər-arvadın eyni mənzildə yaşamasının əsas səbəblərindən biri mənzilin onların ümumi mülkiyyətində qalmasıdır:

"Boşanmadan sonra keçmiş ər-arvadın eyni mənzildə yaşamağa davam etməsinin əsas hüquqi səbəblərindən biri mənzilin onların ümumi paylı mülkiyyətində qalmasıdır. Ailə Məcəlləsinin 32 və 36-cı maddələrinə əsasən, nikah dövründə əldə edilmiş ümumi əmlakda tərəflərin payları müəyyən edilə bilər. Lakin əmlak üzərində payların müəyyən edilməsi onun faktiki bölünməsi demək deyil. Belə hallarda keçmiş ər-arvadın hər biri mənzil üzərində mülkiyyət hüququnu saxlayır.

Mülki Məcəllənin 215-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əmlakdan istifadə tərəflərin razılığı, razılıq olmadıqda isə məhkəmənin müəyyən etdiyi qaydada həyata keçirilir. Bu səbəbdən tərəflərdən biri digərini özbaşına mənzildən çıxara və onun mülkiyyət hüququnu məhdudlaşdıra bilməz".
 
 

Vəkilin sözlərinə görə, tərəflər arasında gələcəkdə əsas mübahisələr mənzildən istifadə qaydası, mülkiyyət paylarının bölünməsi və kompensasiya məsələləri ilə bağlı yarana bilər:

"Gələcəkdə əsas hüquqi mübahisələr mənzildən istifadə qaydasının müəyyənləşdirilməsi, payların ayrılması və kompensasiya ödənilməsi ilə bağlı yarana bilər. Mülki Məcəllənin 220-ci maddəsinə əsasən, mənzilin naturada bölünməsi mümkün olmadıqda, qanunla müəyyən edilmiş şərtlər daxilində payın dəyərinə uyğun kompensasiya ödənilməsi mümkündür. Müvafiq hüquqi imkanlar tükəndikdə mənzilin məhkəmə qərarı əsasında hərracda satılması və əldə edilən vəsaitin mülkiyyət paylarına uyğun bölüşdürülməsi də mümkündür.

Beləliklə, boşanma mülkiyyət münasibətlərinə avtomatik xitam vermir. Bu səbəbdən keçmiş ər-arvad arasında əmlak məsələləri həll edilmədikdə tərəflər uzun müddət eyni mənzildə yaşamağa məcbur qala bilərlər".

Roman Qaraşov qeyd edib ki, mənzilin yalnız tərəflərdən birinə məxsus olduğu hallarda digər şəxsin həmin evdə yaşamaq hüququ ayrıca qiymətləndirilməlidir:

"Digər mühüm məsələ yaşayış sahəsindən istifadə hüququ ilə bağlıdır. Mənzil tərəflərdən birinin ayrıca mülkiyyətindədirsə, keçmiş həyat yoldaşının həmin mənzildə yaşaması ona avtomatik olaraq mülkiyyət payı qazandırmır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, başqa razılaşma olmadıqda ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun da xitamına əsas yaradır. Lakin məhkəmə şəxsin maddi vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq bu hüququ müəyyən müddətə saxlaya bilər.

Buna görə də hər bir mübahisədə mülkiyyət və istifadə hüquqlarının yaranma əsasları ayrıca qiymətləndirilməlidir. Tərəflərin boşanması onların yaşayış sahəsi ilə bağlı bütün hüquq və öhdəliklərinin avtomatik həll olunması demək deyil. Gələcəkdə daha ciddi mübahisələrlə üzləşməmək üçün mənzilin hüquqi statusunun və ondan istifadə qaydasının əvvəlcədən müəyyənləşdirilməsi vacibdir".
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR