Cari ilin 20 iyul tarixində səfir Elxan Poluxov Braziliya Federativ Respublikasının Müdafiə naziri cənab Valter Souza Braqa Netto (Walter Souza Braga Netto) tərəfindən qəbul edilib.
AZXEBE.COM xəbər verir ki, görüş zamanı səfir Elxan Poluxov qonağa ölkəmiz haqqında ətraflı məlumat verərək, Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən danışıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş ordu quruculuğu prosesini onun davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla dava etdirildiyi və bunun nəticəsi olaraq bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyada ən müasir və aparıcı silahlı qüvvələr sırasında olduğu söylənmişdir. Bunun əyani sübutu olaraq, torpaqlarımızın Ermənistan tərəfindən 30 il ərzində davam edən işğalının keçən il 44 günlük Vətən Müharibəsi zamanı ordumuzun şücaəti ilə azad olunması vurğulanıb.
Səfir qeyd etmişdir ki, Azərbaycan ordusu bir çox ölkələrin silahlı qüvvələri ilə uğurlu əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır. Cənubi Amerika qitəsinin ən böyük ölkəsi olan Braziliya ilə də bu sahədə əməkdaşlıq etməyə maraq göstərən Azərbaycanın, burada həyata keçirilən hərbi və hərbi sənayeyə aid sərgilərə maraq doğurduğunu bildirmişdir. Səfir hər iki ölkənin müvafiq nazirlik və qurumları arasında əlaqələrin yaradılması və əməkdaşlığın qurulmasını tərəflər üçün maraqlı olacağına ümidvar olduğunu söyləyib.
Öz növbəsində, nazir Walter Souza Braga Netto göstərilən marağa görə öz minnətdarlığını bildirmiş, təmsil etdiyi nazirliyin azərbaycanlı həmkarları ilə əlaqə qurmaq və texniki əməkdaşlıq həyata keçirməyə hazır olduğunu vurğulayıb.
Sonra tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.