Braziliya yoxsa Hollandiya?

İDMAN
15:23 12.07.2014
1345

Bu gün Braziliyada keçirilən dünya çempionatının final mərhələsində növbəti oyun baş tutacaq. Apasport.az saytının məlumatına görə, ölkənin eyniadlı paytaxtında III yer uğrunda qarşılaşma keçiriləcək.

Yarımfinalın uğursuzları təsəlli matçında bürüncün sahibini müəyyənləşdirəcək. 6-cı çempionluq iddiasında olan Braziliya və ilkə imza atmaq üçün okeanın o tayına yollanan Hollandiya millilərindən yalnız biri 3-cülüklə kifayətlənə biləcək.

Almaniyanın 7:1 hesabı ilə biabır etdiyi meydan sahibləri üçün qarşıdakı görüş azarkeşlər önündə günahlarını yumaq xarakteri daşıyır. Baş məşqçi Luis Felipe Skolarinin bu postdakı son görüşündə yetirmələri qələbə iddiasındadır.

Argentinaya penaltilər seriyasında uduzan “narıncılar”ın da baş məşqçisi Lui van Qal bu komandada son matçına çıxır. Penaltilərdə uduzmağı 1:7 hesabından daha pis sayan, 3-cü yer uğrunda matçın ləğv edilməsini istəyən mütəxəssis də yetirmələrini oyuna hazırlamaqda çətinlik çəkəcək. Çünki olimpiya sistemi ilə keçirilən əksər futbol yarışlarından fərqli mundialda yarımfinalın uğursuzları üz-üzə gəlir. Bu isə çoxlarının ürəyincə deyil. Ən azı finalın bir addımlığında “yıxılan” komandaların psixoloji durumu buna səbəb sayılır.

DÇ-2014

III yer uğrunda oyun

13 iyul

01:00. Braziliya – Hollandiya

Baş hakim: Camel Haymudi (Əlcəzair)

Braziliya. “Naional” stadionu

OXŞAR XƏBƏRLƏR