Beşinci nəsil Britaniya F-35B döyüş təyyarəsi Kyuşu adasında yerləşən Kaqoşima şəhərinin mülki hava limanına təcili eniş edib.
APA xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, hava limanının uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb və bu da uçuş cədvəlinin pozulmasına səbəb olub.
Məlumata görə, təyyarə Yaponiyanın yaxınlığında olan Britaniya "Prince of Wales” (Uels Şahzadəsi) aviadaşıyıcısının göyərtə aviasiyasına aiddir. Bu aviadaşıyıcı qrupu Yaponiya Hərbi Dəniz Qüvvələri ilə birlikdə təlimlər keçirir.
Xüsusilə, Britaniya F-35B təyyarələri hazırda yüngül aviadaşıyıcıya çevrilməsi üçün modernləşdirilən Yaponiya "Kaga” helikopterdaşıyıcısının göyərtəsinə şaquli enişlər ediblər. Tokio ABŞ-dan belə qırıcıların 40-dan çoxunu almağı və ya ABŞ lisenziyası əsasında istehsal etməyi planlaşdırır.
"Prince of Wales” aviadaşıyıcısının rəhbərlik etdiyi Britaniya aviadaşıyıcı zərbə qrupu iyun ayından bəri Hind və Sakit okean sularında səfərdədir. Bu gəmi 24-ə qədər F-35B qırıcısını, 16 "Merlin” və "Wildcat” helikopterini, eləcə də pilotsuz uçuş aparatlarını daşıya bilir.