Böyük Britaniya sentyabr ayında Keniyada keçirilməsi planlaşdırılan hərbi təlimi ləğv edib.
Al Jazeera xəbər verir ki, qərar iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı fikir ayrılıqlarını yenidən gündəmə gətirib.
Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi təlim üçün tələb olunan rəsmi icazələr alınmadığına görə qərar verib. Mübahisənin əsas səbəbi Britaniya hərbçilərinin Keniyada hüquqi məsuliyyəti, cinayət işlərinin araşdırılması və onların hansı ölkənin yurisdiksiyası altında mühakimə olunacağı ilə bağlı fikir ayrılıqlarıdır.
Məsələnin mərkəzində Böyük Britaniya ilə Keniya arasında imzalanmış Müdafiə Əməkdaşlığı Sazişi dayanır. Bu sənəd birgə hərbi təlimlərin keçirilməsi, istintaq prosedurları və ölkədə yerləşən Britaniya hərbçilərinin hüquqi statusunu tənzimləyir.
Qərar Keniyada fəaliyyət göstərən Britaniya Ordusunun Təlim Bölməsinin (BATUK) gələcəyi ilə bağlı müzakirələri də gücləndirib. Nanyuki yaxınlığında yerləşən baza uzun illərdir Britaniya və Keniya hərbçilərinin birgə təlimlərinə ev sahibliyi edir və yerli iqtisadiyyata mühüm töhfə verir. Lakin son illərdə Britaniya əsgərlərinin adı hallanan bir sıra cinayət və qalmaqallar bazanın fəaliyyətinə dair tənqidləri artırıb.
Britaniya hökuməti təlimin başqa ölkədə keçiriləcəyini açıqlayıb və Keniya ilə müdafiə sahəsində strateji tərəfdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.
///apa.az///











































