Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah” partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib.
AZXEBER.COM xəbər verir ki, Çingiz Bayramov cavabında bildirib ki, bu cür ciddiyyətdən uzaq çıxışlar Fatih Erbakana başıucalığı gətirmir:
"Rəhmətlik Nəcməddin Erbakanın oğlu Fatih Erbakanın səsləndirdiyi fikirlər insanı ciddi şəkildə düşündürür. Bir siyasi partiyanın rəhbəri olan şəxsin qonşu ölkələrin tarixi, dini və demoqrafik reallıqları haqqında dürüst və dolğun məlumata sahib olması vacibdir. O iddia edir ki, sanki Ermənistanda müsəlmanlar var, orada başörtülü xanımlar var… Bunu haradan tapıb? Bunu necə müəyyən edir? Bəzən insan həqiqətən bilmir, gülsün, yoxsa ağlasın! Bu cür əsassız və ciddiyyətdən uzaq çıxışlar Fatih Erbakana yaraşmır. Bir türk siyasətçisinə ümumiyyətlə yaraşmır”.
QHT sədri Erbakana tarixi oxumağı da məsləhət bilib:
"Siyasi nitqdə faktoloji səhvlərə yol vermək, xüsusilə də regionun həssas mövzularında səthi çıxışlar etmək həm liderin öz peşəkarlığına, həm də təmsil etdiyi siyasi xəttin nüfuzuna ağır zərbə vurur. Müasir dövrdə liderlik yalnız məşhur soyadı daşımaqdan ibarət deyil; o, dərin dünyagörüşü, geosiyasi bilik və söylənilən hər bir kəlmənin məsuliyyətini daşımaq deməkdir”.
"Bir türk olaraq türkiyəli dostlarıma və qardaşlarıma müraciət etmək istəyirəm. Türkiyə kimi böyük dövlətin siyasətində bilik, dünyagörüşü, tarixi yaddaş və məsuliyyət əsas meyar olmalıdır. Türkiyə siyasətinə zəngin analitik təfəkkürə malik, nə danışdığını bilən və yüksək səviyyədə düşünən liderlər yaraşır”,-deyə sədr vurğulayıb.
Şahanə Ziyad










































