"Bu gün mətbuat sferasında ən çox internet mediası inkişaf edib"

MARAQLI
08:26 22.06.2011
2048

- Azərbaycan mediasının hazırkı inkişaf səviyyəsini necə dəyərləndirirsiniz?

- Azərbaycan mediası inkişafının yüksək pilləsinə qalxır. Mediamız dünyanın inkişaf tendensiyasını izləyir, özü də inkişaf edir. Media orqanlarının sayı günbəgün artır. 10 il bundan əvvəl medianın fəaliyyətini yada salsaq, görərik ki, həm kəmiyyət, həm də keyfiyyət baxımından media mühitində xeyli dəyişikliklər var. İnformasiya texnologiyalarının inkişafı isə daha çevik, onlayn medianın yaranmasına təkan verib. İndi hər kəs artıq mobil telefonlarında belə xəbərləri əldə edə bilirlər, internet saytlarını izləyir.

Bu gün mətbuat sferasında ən çox internet mediası inkişaf edib. Yerli məkanda çoxsaylı internet saytlarının yaradılmasını alqışlayırıq. Çünki bu, daxili bazarın genişlənməsinə, tərəqqisinə şərait yaradır. Çoxsaylı resurslar olmadan internet sektoru inkişaf edə bilməz. İnternet sektorunun inkişafı isə ölkədə ictimai sferanın fəallaşmasına, inkişafına dəstək verir.

- Ötən illərlə müqayisədə Azərbaycan jurnalisti bu gün nəyə nail ola bilib, media işçilərinin vətəndaş mövqeyini necə dəyərləndirirsiniz?

- Media nümayəndəsi ilk olaraq özü inkişaf edib. Özünün inkişafı ilə həm də çalışdığı orqanın təkmilləşməsinə töhfə verən jurnalistlərimiz var. Bu, çox sevindiricidir. Media işçiləri geniş dünyagörüşünə malik, savadlı, məlumatlı insanlardır. Həm jurnalist, həm də vətəndaş kimi ölkəmizin inkişafında iştirak edirlər.

- Bu gün Azərbaycanda medianın inkişafı üçün dövlət qayğısı hiss olunur. Bu, Azərbaycan mətbuatının inkişafına hansı töhfəsini verib?

- Dövlət qayğısı elə birbaşa medianın inkişafına yardım deməkdir. Əlverişli media mühiti olmasaydı, bu qədər sayda KİV fəaliyyət göstərə bilməzdi. Hər il çoxsaylı xəbər resusrları, saytlar, qəzetlər, jurnallar yaranır.

Hər il mətbuat günündə dövlət tərəfindən media orqanlarına maddi yardımlar edilir, jurnalistlərimizin əməyi qiymətləndirilir, onlar fəxri adlarla təltif olunurlar. Media orqanlarına edilən birdəfəlik yardımlar ildən-ilə artırılır.

Prezident İlham Əliyevin 2008-ci il iyulun 31-də "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası" imzaladı. Bu Konsepsiyadan irəli gələrək, növbəti ildə Azərbaycan Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Mətbuat dövlət dəstəyindən bəhrələnərək müstəqil maliyyələşmə sistemini yaradır, öz maliyyə müstəqilliyini təmin edir.

Xatırlayırsınızsa, ötən il mətbuatımızın 135 illik yubileyi yüksək səviyyədə qeyd olundu, 40 KİV-ə birdəfəlik maddi yardımlar edildi, 92 nəfər mətbuat nümayəndəsi fəaliyyətlərinə görə fərxi adlara layiq görüldü. Jurnalistlərin sosial müdafiəsini gücləndirmək məqsədilə onlar üçün mənzillərin tikilməsinə qərar verildi. Bütün bunlar mətbuata və onun təmsilçilərinə dövlət qayğısının təzarühürüdür.

- Azərbaycanda internet məkanının və internet mediasının inkişafında sizin rəhbərlik etdiyiniz qurum hansı işləri görüb?

- Day.Az Media Şirkəti cəmiyyətin məlumatlandırılması üçün üzərinə düşən vəzifəni uğurla icra edir. Bu gün internet mediasının inkişafından danışarkən, Daz.Az Media Şirkətinin fəaliyyətini nümunə götürmək olar. Day.Az həm özünü inkişaf etdirib, həm də Azərbaycanın internet mətbuatının formalaşmasında çox böyük rol oynayıb. Əvvəlcə rus dilində, sonra ingilis və Azərbaycan dillərində yaradılan xəbər saytları internet məkanında öz yerini tutmaqla bərabər, bütövlükdə ölkəmizdə bu sahənin inkişafına çox böyük təkan oldu. İki il əvvəl Day.Az-ın top menecmentliyi media şirkətinin qurulması istiqamətində yeni strategiya qəbul etdi. Məqsəd - Day.Az Media Şirkətini qurmaqla Azərbaycanın internet məkanında bu strukturun liderliyini qoruyub saxlamaq, daha da inkişaf etdirərək ən layiqli şəkildə dünyaya təqdim etmək və öz biznesini yaratmaq idi.

Komandamız və tərəfdaşlarımız bu strategiyanın həyata keçməsi üzərində işləyir. Strategiya uğurla icra olunur və öz bəhrəsini verir.

Bütün dünyada rusdilli oxucular www.day.az saytını, ingilisdilli auditoriya www.today.az saytını, Azərbaycandilli oxucu kütləsi isə www.milli.az saytını oxuyur, məlumatlanır. Bu üç xəbər portalı informasiya daşıyıcısı funksiyasını yerinə yetirməklə bərabər, həm də Azərbaycanın internet şəbəkəsində məlumat carçısıdır - ölkəmizdə baş verənləri, uğurlarımızı, inkişafımızı, yeniliklərimizi dünyaya çatdırırıq.

Ən yeni texnologiyaları tətbiq etməklə, şirkət bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Saytlarımızda baş verən dəyişiklikləri, yeni xidmətləri görürsünüz. Son bir ildə təkcə elə www.day.az saytında 20-ə yaxın yeni layihə təqdim olunub. Bunların hər biri bir xidmət növüdür.

DayTube video portal, iş elanları, foto səhifə, sosial şəbəkə, elektron poçt, afişa və cədvəllər, musiqi səhifəsi, oyunlar və s. kimi maraqlı xidmətlər istifadəçilərin ixtiyarındadır. Bizim komanda "Chrominium" ilə birgə Day.Az üçün yeni brauzer - Day.Chrome yaratdı.

Bütün bunlar Day.Az Media Şirkətinin Azərbaycan miqyasında presedentsiz bir internet resursuna çevrilməsinə gətirib çıxardı. Hazırda şirkətin təkcə inkişaf layhihələri üzərində 20 nəfərdən artıq kadrlardan ibarət komanda çalışır. Biz Day.Az-ın xidmətlərinin inkişafı üçün kapital qoyuluşlarını davam etdiririk.

İnkişafın müxtəlif sahələri ilə yanaşı, şirkət reklam bazarında da öz yerini möhkəmləndirib, öz tarqetinq imkanlarını yaradıb. Day.Az Media Şirkətinin tarqetinq təklifləri reklamçılara öz məhsullarını daha effektli şəkildə istədiyi auditoriyaya çatdırmalarına imkan yaradır.

- Bu işlərdən sonra hansı nəticələr əldə edirsiniz?

- Əvvəla, onu deyim ki, əldə etdiyimiz nəticələr göstərdi ki, bütün bu xidmətlər Azərbaycan auditoriyası üçün təlabatlı işlərdir. Son bir il ərzində day.az saytının oxucu auditoriyası 60 faiz artıb. Məşhur "Google Analytics" mərkəzinin statistik hesablamalarına görə, son bir ay ərzində Day.Az saytında 800 min unikal ziyarətçi qeydə alınıb, onların hər biri orta hesablama ilə 4 dəfə sayta daxil olub. Bu, ölkə əhalisinin 10 faizi və internet auditoriyasının 20 faizidir. Real göstəricilər deməyə əsas verir ki, Day.Az - geniş auditoriyaya hesablanan Azərbaycanın ən böyük xəbər portalıdır. Bir ay ərzində istifadəçilər day.az portalında 30 milyon səhifəyə baxmaqla 500 min saatdan çox vaxt sərf edirlər. Bu rəqəmlər işin uğurla icra edildiyini göstərir. Bizim geniş auditoriyamız imkan verir ki, day.az-ı yerli deyil, dünyanın tanınmış internet resursları ilə müqayisə edək, onlarla rəqabətə girək.
Şirkətin digər bir strukturu - cəmi bir il 3 aydır fəaliyyət göstərməsinə baxmayaraq, Milli.Az xəbər portalında gündəlik 14 min unikal ziyarətçi qeydə alınıb. Day.az elektron poçtunun istifadəçilərinin sayı 100 min nəfərə yaxınlaşır.

Biz qarşımıza qlobal bir vəzifə qoymuşuq - Azərbaycan istifadəçiləri üçün internetə giriş nöqtəsi sayılan - möhtəşəm resurslar yaratmaq.

- İşin davamında hansı yeniliklər ortaya qoyulacaq?

- Qısamüddətli planlarımızdan biri odur ki, istifadəçilərimizlə vasitəni, interaktiv əlaqəni yaxşlaşdıraq. Sorğular üzərində daha sıx işləməyə, kontentin oxucuları ilə qarşılıqlı ünsiyyəti yaxşılaşdırmağa çalışırıq.

Bundan başqa, yeni istifadəyə verilən xidmətlərin inkişafına fokuslanan tədbirlər görüləcək, "İş" ("Rabota"), DayTube, "Audio" və sosial şəbəkənin funksionallığı artırılacaq.

Hər hansı bir resursu güclü etmək üçün onun daha da populyarlaşmasına, daha çox faydalı olmasına çalışmaq lazımdır. Qarşıdakı inkişaf perspektivləri üçün bizim strategiyamız bundan qaynaqlanır.

Biz həmçinin öz tərəfdaşlarımızla birgə məşhur "Mernik" araşdırma qrupunun sayğacına qoşulduq. Bu sayğacı hər bir sayt sahibi öz resursunda tətbiq etməklə göstəriciləri analiz edə bilər. Saytın nə qədər izləyicisi olduğunu öyrənə, başqaları ilə müqayisə edə bilər. Bu sayğac tamamilə müstəqildir və özündə tam obyektiv mənzərəni əks etdirir.

İnternetin inkişafı olmadan internet resursların gələcəyi ola bilməz. Bu inkişaf ölkəmizə də öz töhfəsini verə bilər. Bizim həll etdiyimiz bu məsələlər ölkəmizin tələbatları və texnologiyanın inkişafı ilə üst-üstə düşür.


OXŞAR XƏBƏRLƏR