Xəbər verdiyimiz kimi, Azərbaycan Rusiyadan T-90 tanklarının bazasında hazırlanmış və V-92S2 mühərriki ilə işləyən “Solnçepek” TOS-1A ağır hərbi sistemlər alıb. Bunların hər biri 26 iyun Silahlı Qüvvələr günündə keçiriləcək hərbi parad üçün nəzərdə tutulub.
Xatırladaq ki, Qəbələ RLS bağlanandan sonra Bakı ilə Moskva arasında hərbi sahədə əməkdaşlığın dondurulduğu barədə məlumatlar yayılmışdı. Bir çox politoloqlar Rusiyadan alınan silahların Azərbaycana çox baha qiymətə satıldığını, bunun da Azərbaycan iqtisadiyyatına böyük zərbə olduğunu bildirirlər. Rusiya ilə Azərbaycan arasında bağlanan hərbi sazişin ümumi dəyərinin 700 milyon manat, yaxud, təxminən, 1 milyard dollar olduğu deyilir.
Məsələ ilə bağlı politoloq Qabil Hüseynin münasibətini öyrəndik. Qabil Hüseyn AZXEBER.COM-a açıqlamasında bildirdi ki, Azərbaycan silahı Rusiyadan almaq məcburiyyətindədir:
“Bu gün Azərbaycan Rusiyadan silah almaq məcburiyyətindədir. Çünki müəyyən ölkələr var ki, müharibə şəraitində yaşayan ölkələrə silah satışında embarqo qoyublar. Lakin Rusiya üçün bu cür mövzular əhəmiyyətli deyil. Sirr deyil ki, Rusiya Azərbaycana baha qiymətə satdığı silahları Ermənistana heç bir kommersiya xərci olmadan verir. Bu üzdən də Ermənistan Qərb silahlarına qarşı maraqlı deyil”.
Politoloq Q. Hüseyn hər şeyə rəğmən Rusiya ilə hərbi sazişin imzalanmasını müsbət qarşıladığını qeyd edib: “Azərbaycanın Rusiyadan silah almasını müsbət qarşılayıram. Amma müəyyən gizli məqamlar var ki, bunlar xoşagələn hallar deyil. Bu cür hallardan biri də Rusiyanın son model silahları deyil, nisbətən keçmiş illərin istehsalı olan silahları Azərbaycana maya dəyərindən baha satmasıdır”.
Fatimə İbrahimova