Bu gün Malmödə “Eurovision-2013” mahnı müsabiqəsinin açılışıdır.AZXEBER.COM-un məlumatına görə, 15 500 tamaşaçılıq “Malmö arena”da keçiriləcək müsabiqədə 39 ölkədən müğənnilər iştirak edəcəklər. İsveçin üçüncü böyük şəhəri olan Malmö (əhalisi 300 min) hələ 1992-ci ildə “Eurovision”a ev sahibliyi edib.Müsabiqənin reqlamentinə görə, bir il əvvəlki müsabiqənin qalibinin təmsil etdiyi ölkə növbəti ildə “Eurovision”a ev sahibliyi edir. Ötən il Bakıda keçirilən müsabiqədə isveçli müğənni Lorin “Euphoria” mahnısı ilə qalib olmuşdu.“Eurovision-2013”ün yarımfinalları mayın 14-ü və 16-da, finalı isə mayın 18-də keçiriləcək.Bu ilki müsabiqənin büdcəsi 20 milyon dollardır. Bu, ötən il Bakının sərf etdiyi vəsaitdən xeyli azdır. “Eurovision-2013”ün təşkilatçıları xüsusi effektlərdən imtina ediblər. Bu il müxtəlif səbəblərdən Andorra, Bosniya və Hersoqovina, Lüksemburq, Monako, Polşa, Portuqaliya, Slovakiya, Türkiyə, Çexiya iştirak etməyəcək. Ötən il Bakıdakı müsabiqədə iştirak etməyən Ermənistan bu il iştirakını bərpa edəcək.İlk yarımfinalda 16, ikinci yarımfinalda isə 17 ifaçı çıxış edəcək. Hər yarımfinaldan 10 iştirakçı finala vəsiqə qazanacaq. Böyük Britaniya, Almnaiya, İspaniya, İtaliya, Fransa (müsabiqənin yaradıcıları) və İsveç (ev sahibi) birbaşa finalda çıxış edəcəklər.