Bu gün Milli Qəhrəmanlar Mehdi Abbasov və Mübariz Əhmədovun doğum günüdür
Bütün Xəbərlər
17:34 01.01.2012
3284
1 yanvar Milli Qəhrəmanlar Mehdi Abbasov və Mübariz Əhmədovun doğum günüdür. Mehdi Yusif oğlu Abbasov 1960-cı il yanvarın 1-də Qərbi Azərbaycanın Amasiya rayonu Yeniyol kəndində anadan olub. O, müharibə başlayanda yaşadığı Qazaxıstandan Vətənə dönüb, 1991-ci ilin iyun ayında Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsində baş leytenant rütbəsində rota komandiri kimi xidmətə başlayıb, Ağdam, Goranboy, Füzuli və digər istiqamətlərdə rəşadətlə vuruşub, çoxlu sayda uğurlu əməliyyatlar keçirib, düşmənə uğurlu zərbələr vurub, bu qəhrəmanlıqlarına görə “Mixaylo” ləqəbini qazanıb, 1992-ci il yanvarın 13-də Məlikcan mövqeyi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi, şəhərin küçələrindən biri onun adını daşıyır. Mübariz Əlizadə oğlu Əhmədov 1963-cü il yanvarın 1-də Sabirabad rayonu Qaratəpə kəndində anadan olub. O, könüllü olaraq cəbhəyə gedib, Ağdam, Dovşanlı, Xrmort, Qazançı, Əsgəran, Pircamal, Xanabad, Şuşa və digər döyüşlərdə sücaətlə vuruşub, 1992-ci il sentyabrın 24-də Ağdamın Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhəmanlıqla həlak olub. 1994-cü il sentyabrın 16-da Milli Qəhrəman adına layiq görülüb. Sabirabad rayonu Qaratəpə kəndində dəfn edilib. Sabirabad şəhərində büstü qoyulub.