Bu gün Xəlil Rza Ulutürkün ölümündən 19 il ötür

MƏDƏNİYYƏT
11:48 22.06.2013
1710

Xəlil Rza Ulutürk 1932-ci il oktyabr ayının 21-də Azərbaycanda Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlib.

AZXEBER.COM-un məlumatına görə, şair məktəb illərindən ədəbiyyata maraq göstərib, Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olub.

İlk mətbu şeri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub.1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb: universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak etməsi Xəlil Rzanın şair kimi püxtələşməsinə ciddi təsir göstərib.1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilib. Onun ilk şerlər toplusu – “Bahar gəlir” 1957-ci ildə nəşr olunub. 1957-ci ildə Azərbaycan Yazıçılar İttifaqının xətti ilə Xəlil Rza Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərilib.1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib, 1963-cü ildə filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb və institutda müəllim kimi çalışıb.Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edir, danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı. Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı.O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 Yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilib Moskvaya Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şer, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı. Necə deyərlər, bir dəri, bir sümük qalmış, bənizi saralmış şair fiziki halsızlığına, xəstəliyinə baxmayaraq, bəraət alıb azadlığa buraxıldığı ilk günlərdən yenə Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə meydanına atılmışdı. Onun öz sözü ilə desək, düşmən ətini şişə çəksə də, fil qüdrətini sındıra bilməmişdi.1992-ci il yanvarın 31-də şairin oğlu Təbriz Xəlilbəyli Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olur. Bu hadisə X.R.Ulutürkü sarsıtsa da, o, mətanətini itirmir.1994-cü il iyunun 22-də uzun sürən xəstəlikdən sonra X.Rza vəfat edib.

OXŞAR XƏBƏRLƏR