'Bu Heydər Əliyev tərəfindən başlanılan uğurlu xarici siyasət kursunun məntiqi davamıdır'

15:00 21.02.2013
1083

Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir.

Gün.Az xəbər verir ki, bunu Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “Ümummilli lider Heydər Əliyev-90” mövzusunda konfransda çıxışı zamanı deyib.

O Heydər Əliyevin məşhur sitatlarından birini xatırladıb – “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir”.

F.Məmmədov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının elə bir sahəsi, elə bir fəaliyyət istiqaməti yoxdur ki, Heydər Əliyevin irəli sürdüyü dövlətçilik prinsiplərinə söykənməsin.

“Məlumdur ki, hər bir dövlətin milli mənafelərinin, sosial-iqtisadi yüksəlişinin, beynəlxalq əməkdaşlıq məsələlərinin təminatında, xarici təhdidlərin qabaqlanmasında və aradan qaldırılmasında düzgün və çevik xarici siyasət müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan dövlətinin ən çətin və ən mürəkkəb mərhələsində, hərbi təcavüz, iqtisadi sarsıntılar, vətəndaş müharibəsi təhlükəsinin yaxınlaşdığı bir dövrdə xalqın çağırışı ilə hakimiyyətə gələn Heydər Əliyev dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələri Azərbaycan xalqının milli mənafelərinin təmin olunması prinsipləri üzərində quraraq, ölkəmizin xarici siyasətini bu təməl üzərində uğurla inkişaf etdirmişdir”.

F.Məmmədov bildirib ki, onun səyləri nəticəsində gənc və müstəqil Azərbaycan Respublikasının xarici siyasətində əsaslı dönüş yaranmış, diplomatik uğurlar əldə olunmuş, ölkəmiz qısa zaman kəsiyində regionda həlledici sözə malik lider dövlətə çevirmişdir.

“Azərbaycanin Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, Müstəqil Dövlətlər Birliyi və digər nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı artan xətt üzrə inkişaf etdirilmiş, Azərbaycan bir sıra beynəlxalq və regional siyasi-iqtisadi layihələrin reallaşdırılmasında əhəmiyyətli rol oynamışdır”.

SAM rəhbəri bildirib ki, xüsusi olaraq qeyd etmək lazımdır ki, ötən il Azərbaycan Respublikasının 155 üzv dövlətin etimadını qazanaraq, müstəqillik tarixində ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qeyri-daimi üzvü kimi fəaliyyətə başlaması ilk növbədə Heydər Əliyev tərəfindən başlanılan uğurlu xarici siyasət kursunun məntiqi davamıdır.

“Xatırladım ki, Heydər Əliyevin iqtisadi siyasətinin, eləcə də Neft Strategiyasının əsas məqsədi də Azərbaycanın davamlı iqtisadi tərəqqisini təmin etməkdir.

Bu baxımdan, Azərbaycan Respublikasının perspektiv fəaliyyət proqramı olan, yeni strateji hədəflərinin müəyyənləşdirilməsi zərurətindən yaranan “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası kimi mühüm sənədin fəlsəfəsi də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının mənafelərinə yönəldilmiş siyasətindən qaynaqlanır.Bu mənbə iqtisadi, mədəni, intellektual potensialımızın inkişafında, Azərbaycanın geoiqtisadi əhəmiyyətinin, onun Avropaya inteqrasiyasının gücləndirilməsində, ilk növbədə xalqımızın sosial rifahının yüksəltdilməsində müstəsna rol oynayacaqdır.

Bu siyasətin davamlı şəkildə yürüdülməsinin nəticəsidir ki, ölkəmiz ötən il regionun ən güclü iqtisadi potensiala və inkişaf tendensiyasına malik dövləti olduğunu bir daha təsdiqləmiş, nüfuzlu Dünya İqtisadi Forumunun “Dünya Rəqabətlilik Hesabatına əsasən, reytinq cədvəlində 9 pillə irəliləyərək 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır”.

OXŞAR XƏBƏRLƏR