Bu il tələbələr kredit ala biləcəklərmi? - Nazirlik hələ də şərtləri açıqlamır

Bu il tələbələr kredit ala biləcəklərmi? - Nazirlik hələ də şərtləri açıqlamır
SOSİAL
15:57 06.09.2021
548

Bir neçə ay öncə Təhsil Tələbə Kredit Fondunun məqsədi, vəzifələri və hüquqları ilə bağlı ictimaiyyətə geniş məlumat verilmişdi.

Məlumatda fondun fəaliyyətinin əsas məqsədi kimi təhsilə əlçatanlığı təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək üçün əlverişli təhsil kreditlərinin veriləcəyi bildirilmişdi.

Fondun nizamnaməsində Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlərin 2 qrupa bölünəcəyi bildirilmişdi. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər. Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacağı qeyd olunub. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcəyi bildirilib. Təhsil kreditində faiz dərəcəsinin çox az olacağı və tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcəyi bildirilmişdi. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə -hissə Fonda qaytara biləcək. Hətta özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər.

Prezidentin fərmanı ilə təsis edilən Təhsil Tələbə Krediti Fondu haqqında ictimaiyyətə məlumat verilsə də, onun şərtləri haqqında hələ bu günə kimi heç bir məlumat paylaşılmayıb.

Nəzərə alsaq ki, yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Ödənişli əsaslarla təhsil alan tələbələr, bu il ödənişliyə daxil olanlar, sosial baxımdan həssas ailələr qrupuna aid olan tələbələr hazırda təhsil haqqlarının ödənilməsində çətinlik çəkirlər.

Təhsil kreditinin nə zamandan veriləcəyi, konkret olaraq şərtlərin necə olacağı, kreditdən kimlərin yararlana biləcəyi kimi suallar ortaya çıxıb. Təhsil Nazirliyinin bu suallara da susması tələbələri çıxılmaz vəziyyətdə saxlayır.

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi də bildirib ki, bununla bağlı artıq ictimaiyyətə məlumat verilməlidir: "Təhsil Tələbə Krediti Fondu yaradılıb, hazırda müəyyən kriteriyalar açıqlanıb. Amma, təssüflər olsun ki, bu barədə ictimaiyyətə konkret məlumat verilmir ki, hansı tarixdən veriləcək, hansı tələbələr bundan yararlana biləcək və ya kreditin maksimal məbləği nə qədər olacaq, bütün bunlar haqqında heç bir açıqlama verilməyib. Yaxşı olar ki, artıq bu məlumatlar verilsin, çünki sabahdan ali təhsil müəssisələrinə də qeydiyyat başlanır. Onlar üçün da bu, vacibdir ki, ödənişli əsaslarla oxuyanlar bilsinlər ki, əgər kredit verilirsə, onlar kredit götürüb bundan istifadə etsinlər. Qeydiyyatın aparılması sentyabrın 20-dək olacaq, buna görə də, maksimum sentyabrın 15-dək bu məlumat ictimaiyyətə verilməlidir".

Görünən odur ki, cavabsız qalan suallar, səslənən fikirlər çoxdur. Fərmanın icrasını hələ də yerinə yetirməyən Təhsil Nazirliyi bu suallara da cavab verməkdən yayınır.

 

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR