Qazax işinin “qaz”ı çıxdı – Moskva gəldi, Pekin gözləyir, Ankara baxır (TƏHLİLLƏR)

Qazax işinin “qaz”ı çıxdı – Moskva gəldi, Pekin gözləyir, Ankara baxır (TƏHLİLLƏR)
MANŞET
13:29 06.01.2022
2266

Qazaxıstanda maye qazın qiymətinin qalxması ilə başlayan dinc aksiyalar, yerini qanlı toqquşmalara buraxıb.

Hazırda bu ölkədə xaos hökm sürür. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə, paytaxt Astanada olduğunu və paytaxtı tərk etməyəcəyini söyləyib.

Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.

Həmçinin bax:

KTMT sülhməramlıları Qazaxıstanda fəaliyyətə başladı


Tokayev çağırdı, Putin razılıq verdi, sülhməramlılar gəlir -Qazaxıstan olaylarının pərdəarxası (TƏHLİL)


Bəs, Qazaxıstanın bundan sonrakı taleyi necə olacaq?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu prezident Tokayevin iki çıxış yolunun olduğunu qeyd edib: "Birinci yol etirazçılarla dialoqu davam etdirməkdir. Ancaq bu halda etirazçıların evlərinə dönəcəklərinə təminat yoxdur. Əksinə etirazçılar hakimiyyətin onlarla hesablaşdığını görüb tələblərinin sayını artıracaqlar. Bu sırada prezidentin istefası, parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi tələbləri dayanacaq. İkinci yol etirazı ordu və polisin gücü hesabına yatırtmaqdır. Ancaq bu yol tələfata və növbəti gərginliyə qədər avtoritarizmin gücləndirilməsinə aparacaq ki, bu halda Qazaxıstan üçün nəticənin necə olacağını söyləmək çətindir”.


E.Şahinoğlu Qazaxıstandakı hadisələrin arxasında hansısa xarici qüvvələrin olub-olmaması ilə bağlı səsləndirilən suallara da aydınlıq gətirib: "Ən çox səslənən sual budur ki, hazırki hadisələrin arxasında xarici qüvvələr dayanırmı? Rusiyanın adını hallandırmağa başlayıblar. Əlbəttə, Kremlin Qazaxıstanda çoxdan gözü var. Təsadüfi deyil ki, başda Kreml sahibi Vladimir Putin olmaqla rusiyalı siyasətçilərin bir qismi Qazaxıstan adında dövlətin Rusiya torpaqları üzərində qurulduğunu iddia edir. Ancaq Qazaxıstanı qarışdırmaq Kremlə nə verəcək? Qazaxıstanın hazırki hakimiyyəti Rusiya ilə birgə bütün ittifaqlarda yer alıb, Kremlin ideyalarının əleyhinə getmir. Kreml Nazarbayev-Tokayev cütlüyünü niyə devirsin ki? Qərb dövlətlərinə gəldikdə isə, Vaşinqtonun və Brüsselin Qazaxıstanı qarışdırmaq üçün əllərində kifayət qədər alət yoxdur. Digər tərəfdən ABŞ və Avropa İttifaqının Qazaxıstanda xaos yaratmaqda marağı yoxdur. Çinə gəldikdə isə, Pekinin son zamanlar Astana ilə münasibətlərdə gərginlik var idi. Çin sentyabr ayı ərzində Qazaxıstanla sərhəddə idxal-ixrac əməliyyatlarında süni gərginlik yaratmışdı. Pekin Qazaxıstanın uyğurlara isti münasibətindən narazıydı. Pekin türkdilli Qazaxıstanın türkdilli uyğulara işkəncə verməsinimi gözləyirdi? Moskva və Pekin Qazaxıstandakı olaylarla əlaqəli olmasalar da, Qazaxıstanın asılı dövlət kimi idarə olunmasında maraqlıdırlar. Qazaxıstanda sabitlik pozularsa və xaos artarsa Rusiya və Çinin bu ölkəyə müdaxilə etməsi ehtimalı artacaq. Türkiyə isə, hadisələri kənardan izləyir. Ancaq son hadisələr Qazaxıstanı zəiflətmək, ən pis halda isə parçalamaq həddinə gətirərsə Ankara seyrçi qala bilməyəcək”.


AZXEBER.COM-a danışan politoloq Qabil Hüseynli isə, həmkarından daha fərqli düşünür. O, Qazaxıstanın zamanında Qərbə manevr etməsinin Rusiyanın qəzəbinə səbəb olduğunu deyib: "Qazaxıstan kimi güclü bir dövlətdə hər hansı bir çevrilişin həyata keçiriləcəyinə və ya orada siyasi dəyişikliklər yaradacağına inanmağım gəlmir. Rusiyanın silahlı qüvvələrinin sülhməramlı adı altında Qazaxıstana atılması məndə qarışıq hisslər doğurur. İndi təhlilçilərin də hamısı belə hesab edir ki, baş verən hadisələrin əsas səbəbkarı Rusiyadır. Rusiyanın Qazaxıstanı Rusiyaya yaxın yeritdiyi siyasətdən uzaqlaşdığını, Qərbə doğru meyilləndiyini, xüsusilə Türkiyə ilə əlaqələr quraraq türkdilli dövlətlərin birliyinin yaradılmasını istəyən bir ölkə kimi görməsi, Moskvanın ciddi qəzəbinə səbəb olub. Dünənə qədər biz qiyamın yatırılacağını düşünürdük. İndi isə, sülhməramlıların bölgəyə yerləşdirilməsi vəziyyətin daha da mürəkkəbləşdiyini deməyə əsas verir. Rusiya post-sovet məkanında olan ölkələrə yaşamaq imkanı vermir. Bütün prosesləri bir-birinə qataraq qarışıqlıq yaradır. Köhnə SSRİ-nin bərpası adı altında siyasət yürüdür və köhnə Sovet məkanında dominant olmaq istəyir. Yəni Rusiya sülhməramlılarının əraziyə yerləşdirilməsi vəziyyəti sabitləşdirmək əvəzinə, daha da mürəkkəbləşdirə bilər. Bu nöqteyi-nəzərdən Nazarbayevə qarşı, hətta Tokayevin özünə qarşı müəyyən hərəkətlərə gətirib çıxara bilər. Nəticə etibarilə Qazaxıstan suverenliyini itirə bilər”.

Siyasi şərhçi Şahin Cəfərli Qazaxıstan hadisələrini təhlil edərək bildirib ki, bu olayları Rusiyanın təşkil etməsi fikri qüsurludur: ""Rusiya bu olayları təşkil etdi ki, Qazaxıstana daxil olsun" rəyi qüsurludur. Rusiya zatən Qazaxıstanda idi. Orada Baykonur kimi çox nəhəng strateji obyekti var, Nazarbayev 2050-ci ilə qədər oranı Rusiyanın istifadəsinə verib. Qazaxıstan Rusiyanın post-sovet məkanındakı inteqrasiya layihələrinin, başqa sözlə desək, "Yeni SSRİ" quruculuğunun nəinki iştirakçısı, həm də Rusiya ilə bərabər lideridir. Avrasiya İttifaqının ideya müəllifi Nazarbayevdir. Əlbəttə ki, Nazarbayevin heç də bütün addımları və siyasəti Moskvanın xoşuna gəlmirdi, çünki avtokratlar sərbəstliyi, şəriksiz idarəçiliyi və şəriksiz talançılığı sevirlər. Amma onun Rusiyanın kritik maraqlarına qarşı siyasət apardığını söyləmək üçün əlimizdə heç bir əsas yoxdur. Məsələn, o, dövlət aparatını Rusiyanın adamlarından təmizləmədi, varis seçəndə hansısa milli kadra yox, Tokayev kimi Rusiyaya (eləcə də Çinə) yaxın adama üstünlük verdi, ya da buna məcbur oldu, fərq etmir”.


Ş.Cəfərli qeyd edib ki, Nazarbayevi Rusiyanın başqa adamı ilə əvəzləmək zərurəti yaranmışdı: "Rusiya bu olayları təşkil etməsə də, Belarusdan sonra Qazaxıstan nümunəsi də göstərdi ki, yaranmış situasiyanı öz lehinə çevirə bilir. Bu da qeyri-adi, fantastik bir bacarıq deyil, adamlar neçə əsrdir hökm etdikləri coğrafiyanı, oradakı hər daşı-qayanı, ağacı-kolu mükəmməl tanıyırlar və bilirlər. Əvvəl də yazmışdım: bizi bizdən yaxşı tanıyırlar. Rusiyanın adamı Nazarbayev qocalmışdı və xəstə idi, hər hansı sürprizə fürsət vermədən onu Rusiyanın başqa adamı ilə əvəzləmək zərurəti yaranmışdı. Bu proses 2019-cu ildə başladı, indi yekunlaşmasına bu hadisələr də vəsilə olur”.

Onu da qeyd edək ki, bu gündən etibarən KTMT sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıb. Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR