Azərbaycanın Rusiyadakı diasporasının rəsmi saytında 27 fevral günü Sankt-Peterburq şəhərində konsert olacağı haqda xəbər yayımlanıb. Məlumata görə azərbaycanlı müğənnilər Rəhim Rəhimli, İbrahim Borçalı, Eyyub Yaqubov, Sevda Yahyayeva, meyxanaçı Namiq Qaraçuxurlu, aktyorlar Rafael İskəndərov və Çoşqun Rəhimov konsertdə iştirak edəcək.
AZXEBER.COM-un məlumatına görə, Xocalı soyqırımının 20-ci ildönümündən bir gün sonra baş tutması nəzərdə tutulan konsert Azərbaycanda birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə konsert təşkilatçıları haqda tənqidi fikirlər yazılıb. “Facebook”un ən böyük Azərbaycan dilli səhifəsi olan 140 min nəfərlik Azərbaycan səhifəsi “bu konsertdə iştirak edəcək müğənniləri qınamırıq, onlara tüpürürük” şüarını yazıb. Azərbaycanlı istifadəçilər də müğənnilər əleyhinə kəskin fikirlər söyləyib.
AZXEBER.COM portalı məsələylə bağlı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının münasibətini öyrənib. O deyib ki, 4 il öncə də Şuşanın işğal gününün ildönümü ərəfəsində belə tədbirə cəhd edilmişdi: “4 il öncə də belə bir hadisə yaşanmışdı. Ruslar qələbə günləri münasibəti ilə Nijni Novqorod şəhərinə Azərbaycandan deputatları və sənətçiləri dəvət etmişdi. Daha sonra Azərbaycan Diasporu məsələ ilə bağlı narazılığını təşkilatçılara bildirdi. Azərbaycandan gedəcək olan deputat və sənət adamlarının bir çoxu tədbirə getməkdən imtina etdilər. Ancaq sonra Nijni Novqoroddakı nümayəndələr tədbiri “Şuşanın xatirə günü “ adı altında keçirəcəklərinə söz verdilər. Yalnız bundan sonra diasporamız razılaşdı. Və Azərbaycandan dəvətli olan şəxslər bu tədbirdə iştirak etmək üçün yollandılar.”
Akif Nağı qeyd edib ki, 27 fevral günü konsertin baş tutmaması üçün əllərindən gələni edəcəklər: “Şübhəsiz bu dəfə də təşkilatımız çalışacaq ki, belə tədbirlərin keçirilməsinin qarşısını alsın. Xarici ölkələrdə, Türkiyədə hələ fevral ayının 29-a kimi Xocalı Soyqırımı və ermənilərin törətdikləri vəhşiliklərlə bağlı tədbirlərin keçirlməsinə davam ediləcək. Belə bir şəraitdə Azərbaycanlıların hər hansı bir məclisdə, xüsusilə də xarici ölkələrdə konsert proqramlarında iştirak etmələri yol verilməzdir. Biz bununla bağlı fevralın 20-də Beynəlxalq Media Mərkəzində konfrans keçirəcəyik. Ümid edirəm ki, tezliklə bu problem aradan qaldırılacaq.”Gülnarə Bayramova