Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr hündürlüyündəki Fueqo vulkanının dünən gecədən püskürməsinin ardından yerli hakimiyyət orqanları ətrafdakı yaşayış məntəqələrini boşaltmağa başlayıb.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Qvatemala hakimiyyəti məlumat yayıb.
Milli Fəlakətlərin Azaldılması Koordinatorunun sözçüsü Xuan Laureano bildirib ki, ən azı 594 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib və evakuasiya yeni püskürmə təhlükəsi səbəbindən sürətlə davam edir.
Vulkan paytaxt Qvatemaladan 53 kilometr aralıda yerləşir və 2018-ci ildə baş verən kütləvi püskürmə nəticəsində 194 nəfər ölüb, 234 nəfər itkin düşüb. Səlahiyyətlilər vulkanik aktivliyin artması səbəbindən evakuasiyaların sayının daha da arta biləcəyi barədə xəbərdarlıq edir.