Xəbər verdiyimiz kimi, iranlı ayətulla Bəyat Zəncani oruc tutma qaydası ilə bağlı qeyri-adi açıqlama verib. O bildirib ki, oruc tutarkən susuzluğa dözə bilməyən insanlar yanğıdan qurtulacaq qədər su içə bilərlər. Onun dediyinə görə bu orucu pozmaz.
Məsələ ilə bağlı ilahiyyatçı ekspert Elşad Mirinin fikirlərini öyrəndik. E. Miri AZXEBER.COM-a açıqlamasında bildirdi ki, bu, absurd fikirdir. O, orucluğun “Quran”da bu cür təbliğ edilmədiyini dedi: “İslamda heç bir zaman bu cür mövzular gündəmdə olmayıb. Orucu hər hansı islam alimi gündəmə gətirməyib. Bu, “Quran”da yazılmış bir qanundur. Orucun mahiyyəti gün ərzində yeməkdən, içməkdən imtina etmək, nəfsinə sahib çıxmaqdır. İranlı ayətullah Bəyat Zəncani isə bunun tam əksini deyir. O bildirir ki, sudan istifadə orucu pozmaz. Bu, absurd bir fikirdir. Onun dediyi kimi insanlar sadəcə yeməkdən imtina edərək oruc tutsalar, bu artıq oruc sayılmaz. Bunu “aclıq aksiyası” adlandırmaq olar. Çünki orucluq müəyyən saat ərzində yer üzündə olan bütün nemətlərdən imtina etmək deməkdir. İnsanlar susuzluqla bağlı çətinlik yaşayırsa, əllərini, üzlərini yuya bilərlər. Məsələn, peyğəmbərimiz üstlərinə, paltarlarına sərinləmək məqsədi ilə su töküblər, amma içməyiblər.İranlı ayətullahın fikirlərinə gəlincə isə, bu fikirlərin İslamla nə yaxından, nə uzaqdan əlaqəsi yoxdur”.
Qeyd edək ki, Bəyat Zəncaninin fikirlərinə qardaş ölkə Türkiyə də münasibətini bildirib. Türkiyənin tanınmış illahiyyatçılarından olan professor Nihat Hatipoğlu İstanbuldakı Sultan Ahmet məscidindən yayımlanan proqramda ayətullahın sözlərinə münasibət bildirib. O, canlı yayımda su içməyin orucluğu pozduğunu bildirib: "Gülməli sözlərdir. İranlı ayətullahın dedikləri cahil fətvasıdır. Qurani-Kərimin "Bəqərə" surəsinin 187-ci ayəsində bu barədə açıq yazılıb. Su içmək orucu pozar".
Fatimə İbrahimova