"Bu parad bir daha Azərbaycanın gücünü bütün dünyaya göstərəcək" - Deputat

"Bu parad bir daha Azərbaycanın gücünü bütün dünyaya göstərəcək" - Deputat
SİYASƏT
14:37 06.11.2025
198
8 Noyabr – Zəfər Gününə cəmi iki gün qalır. Ölkə üzrə bu möhtəşəm tarixin ildönümünə hazırlıqlar davam edir. Paytaxtda və bölgələrdə bayram ab-havası hiss olunur, küçə və prospektlər üçrəngli bayraqlarla bəzədilib. Beş il əvvəl 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə bu gün də xalqımız üçün qürur və birliyimizin rəmzi olaraq qeyd olunur.

Milli Məclisinin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan bu günləri çox uzun illər gözləyib: 

"Beş il çox tez gəlib keçdi, amma biz bu Zəfəri və 44 günlük Vətən müharibəsini uzun illər gözləmişdik. Torpaqlarımızın azad olunması üçün hər şeyimizi verməyə hazır idik. Uzun illər ərzində Azərbaycan dövləti tərəfindən məqsədyönlü hazırlıq işləri aparıldı. Gənclərin və vətəndaşların ideoloji hazırlığına xüsusi önəm verildi. Azərbaycan iqtisadiyyatı gücləndirildi, ordumuz ən müasir dövrün tələblərinə cavab verən səviyyəyə çatdırıldı. Görülən bütün bu işlər 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində daim irəliləyərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan əsgəri bir dəfə belə geri çəkilmədi. Hərbçilərimiz canları, qanları bahasına tarixi uğura imza atdılar”.

Deputat deyib ki, Şuşanın azadlığı ilə Zəfərimiz daha da möhkəmləndi:

"8 noyabrda Türk dünyasının mədəniyyət paytaxtı və şərəf rəmzi olan Şuşa işğaldan azad edildikdən sonra Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr başa düşdülər ki, Azərbaycanla güc və təhdid dili ilə danışmaq mümkün deyil. Onlar məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktını imzaladılar. Ən önəmli tarixlərdən biri də 2023-cü il sentyabrın 20-si oldu. Həmin gün Azərbaycan öz suverenliyini tam bərpa etdi. Beləliklə, bütün Qarabağ torpaqlarında Azərbaycanın üçrəngli bayrağı dalğalandı”.

Parlamentari qeyd edib ki, bu gün biz qələbənin 5 illiyinə hazırlaşırıq:

"Bu gün biz qələbənin 5 illiyinə hazırlaşırıq. Necə ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xüsusi parad keçirilmişdi, 2025-ci ildə də Zəfərimizin 5 illiyi yubiley paradı ilə qeyd olunacaq. Bu parad bir daha Azərbaycanın və Ordumuzun gücünü bütün dünyaya göstərəcək.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı və uzun ömür arzulayıram. Zəfərimizin banisi və memarı olan Ali Baş Komandan İlham Əliyevi ürəkdən təbrik edirəm. İnanıram ki, bizə bu Zəfəri yaşadan Ali Baş Komandan gələcəkdə də yeni uğurlar sevinci bəxş edəcək. Biz hər zaman Azərbaycan Ordusunun, xalqımızın və Prezidentimizin birliyinin şahidi olacağıq. Məhz bu birlik bizi daim Zəfərə aparacaq. Zəfərimiz mübarək olsun!”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR