Əfqanıstandakı qaçqın və məcburi köçkün düşərgələrində yaşayan valideynlər ailənin xərclərini, xüsusilə də dava-dərman və çörək pullarını ödəyə bilməyəndə kiçik qızlarını satmaq məcburiyyətində qalırlar.
Belə biçarə, zavallı uşaqlaran biri də kiçik Nəğmədir. Nəğmə Məhəmmədin 6 yaşı var. Milli.Az New York Times-a istinadən bildirir ki, Əfanıstanın paytaxtı Kabildə qaçqın düşərgələrindən birində yaşayanTac Məhəmmədin arvadı və 8 uşağı xəstədir. Onun xanımı ağır xəstədir, yatağa düşüb. 8 uşaq isə soyuqdəymə, zökəm, öskürəyə tutulub və bu uaqlarının hamısının müalicəyə ehtiyacı var. Tac Məhəmməd müalicə məsrəflərini ödəmək üçün borc aldığı pulları qaytarmaqda çətinlik çəkir. Çadırlar, göz baxdıqca uzanan çadır cərgələri. Hər tərəf palçıqdır. Çadırlar da soyuq, bumbuz. Tac Məhəmməd "bəxtəvər" sayıla bilər, çünki onun ailəsi uzunu 3, eni 2 metr olan daxmada yaşayır. 10 nəfər - Tac, arvadıGüldəstəvə 8 uşaq. "İndiyədək borc aldığım pulların ümumi məbləği 2500 dollara çatıb. Ya bu pulları borc aldığım adama qaytarmalıyam, ya da 6 yaşlı qızım Nəğməni o adamın 17 yaşlı oğluna ərə verməliyəm. Pul yoxdur. Ona görə Nəğməni verməliyəm. Nəğmə başına gələcəklərdən bixəbərdir", - Tac Məhəmməd deyir. Əslən Hilmənd vilayətindən olan Tac Məhəmməd musiqiçidir. Fəqət, qaçqın düşərgəsində nə musiqi?... Tac burada ən ağır işlərdə çalışır ki, ailəsinə çörək və odun ala bilsin. Onun 3 yaşlı qızıCanandaxmadakı sobanı qalamaq üçün odun tapılmadığı qış günlərindən birində soyuqdan donub ölmüşdü. Bu qış çox soyuq oldu, üstəlik də Canan daim öskürürdü. Tac qızını sağaltmaq, müalicə etmək üçün borc aldığı pullarla dərmanlar gətirdi. Amma çifayda... Buz kəsmiş palçıq daxmada nəfəs alanda havaya buğ çıxırsa, dərman nə etsin. Soyuqda xəstə insanı isidən dərman hələ kəşf olunmayıb ki. Canan səhərə yaxın öldü. Güldəstənin, Tacın gözləri önündə. Ata soyuqdan göyərmiş əlləri ilə balaca qızının tavana zillənmiş gözlərini qapatdı. Sonra da onu düşərgənin kənarındakı qəbristanlıqda qazdığı məzarda basdırdı. "Nə edəcəyimi bilmirəm... Allah etməsin, Nəğməni ər evində döysələr, ona əziyyət versələr, gərək o ailədən birini vurum öldürüm. Nəğmə çox balacadır. Ona "Peşaka", yəni puştun dilində "pişik balası" deyirik. Nəğməni ərə verəndən az sonra onun öləcəyini düşünürəm. Çünki qızımı bizim qədər kimsə sevə bilməz", - Tac Məhəmməd qəhərlənir. "Çaraçi Qambar" qaçqın düşərgəsində Tac Məhəmməd kimi borc bataqlığında olan onlarla ata var. Onlar borclardan qurtulmaq üçün azyaşlı qızlarını ərə verirlər: belədə borc "süd pulu" sayılaraq silinir. Əfqanıstanda azyaşlı qızların ərə verilməsi qəti qadağan olsa da, rəsmi qurumlar yaşananlara göz yumur. ... Nəğmənin anası Güldəstə çadrasını qaldırır, üzünü açır və qəzəblə deyir: "Balaca qızımın ərə verilməsini istəmirəm". Nəğmə söyləyir ki, Hilmənddən fərqli olaraq, Kabildəki qaçqın düşərgəsində məktəbə gedə bilir. "Oxumaq, müəllim olmaq istəyirəm", - deyir balaca Nəğmə. Lakin o ərə verilərsə, arzusu gözündə qalacaq. Gəlin gedəcəyi ailə indidən Nəğmənin məktəbə göndərilməməsini tələb edib. İşsiz, ən ağır işlərdə çalışmağa razı olan Tac Məhəmməd iş tapanda gündə 6 dollar qazanır. Bu isə yoxsul, kiçik daxmada yaşayan ailəyə yaşıl çay və çörək almağa çatmır. Sobanın üstündəki qazanda kartof bişəndə ailədə bayram olur. Düşərgədəki qaçqınların ağsaqqallarından biriTavus Xanhər şeyin adət-ənənəyə uyğun olduğunu deyir. "Tac Məhəmmədin borcu vardı, ödəməliydi. Bizə üz tutdu, biz də yığışdıq, məsləhətləşdik. O, kiçik qızını borclu qaldığı adamın oğluna ərə verməlidir. Hə də, yaxşı qərardır, adətə və Şəriətə uyğundur", - saqqalını tumarlayan Tavus Xan deyir. Tac Məhəmməd söyləyir ki, qızın taleyinə artıq hakim deyil. "Balamı ərə verəcəyim oğlan anasını yolladı və dedi ki, Nəğmənin məktəbə getməsini istəmir. Nə deyəcəyimi bilmədim, susdum. Çünki Nəğmə artıq onların sayılır..." Vaxtilə müğənni və musiqiçi olmuş Tac Məhəmməd bu sözləri deyəndə üzünü yana çevirir. Göz yaşları görünməsin deyə... Onun qəlbində indi qəmli mahnı səslənir bəlkə də. Tac Məhəmməd o mahnını sevməzdi. "Sən kiçik pişik balası, Sən burada qalası..." Nəğmə atasına baxır, heç nə anlamır. Axı ata niyə üzünü yana çevirib, çiyinləri də titrəyir? O, üzünü uzaqdan gəlmiş, tox, əynində bahalı gödəkçə, ayaqlarında isti ayaqqabılar olan reportyora tutur: "Mən bilirəm, sən Amerikadan gəlibsən. Orada insanlar yaxşı yaşayırlar. İstəyəndə hər gün kartof yeyə bilirlər. Allah haqqı, hər gün". Sən kiçik, biçarə pişik balası...