"Avantüraları, adrenalinli yaşamı, bir də gözəl görünməyi çox sevirəm. Məhz bu səbəblərdən də əməliyyat olunmaq qərarına gəldim".
ABŞ-ın Nyu-York şəhərində yaşayan və əslən rus olan Kristina Kovalevskaya gözlərinə kiçik platin ürəklər qoydurub.
Ürəklərin trasplantasiyası 3 min dollara başa gəlib. Hər biri 3,5 mm ölçüdə olan platin ürəklərin gözlərə tikilməsi əməliyyatı Nyu-Yorkun Park-Avenyu səmtindəki oftalmoloji klinikada gerçəkləşdirilib.
Əməliyyatı doktor Emili Çan aparıb. Populyar "The Millionaire Matchmaker" şousunun iştirakçısı olmuş cərrah-oftalmoloqun dediyinə görə, Kristina gözlərinə ürək qoydurmuş ilk pasiyentidir.
Emili Çanın dediyinə görə, əməliyyat normal keçib: "Kristinanın gözlərində qanaxmanın və habelə platin ürəklərin tikildiyi yerə infeksiya düşməsinin qarşısını antibiotiklər vasitəsilə aldıq. O, istərsə, 1000 dolların müqabilində ürəklərin yanında platin ulduzlar da tikə bilərik".
Amerika Oftalmoloqlar Akademiyası belə əməliyyatları təqdir etməyib.
E.Çan isə iddia edir ki, dünyada ilk dəfə 2004-cü ildə Hollandiyada reallaşdırılmış bu əməliyyat təhlükəli deyil.
Məşhur amerikalı oftalmoloq, Florida ştatındakı Fort Loderdeyldə yaşayan doktor Ueyn Bizer isə əksini düşünür.
"Belə əməliyyatlar gözün selikli qişasında çapıqlara, habelə qranulema sayəsində görmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər. Bundan başqa, implantat gözə bakteriyaların düşməsinə və konyuktivitə səbəb ola bilər. İnfeksiya gözün selikli qişasındakı skleranı da darmadağın edə bilər", - U.Bizer söyləyib.(milli.az)









