O, bir Makedoniya qaraçısıdır. Adı da Əsma, Əsma Rəcəbova. 47 övladlığı, 121 nəvəsi var. Ağlı kəsəndən əksər qaraçılar kimi çalıb-oxumaqla məşğuldur. Özü də hər cür irqçilik, ayrı-seçkilik əleyhinə mahnılar oxuyur. Şərqi Avropada böyük şöhrət qazanıb. Qaraçıların Əsma bacısı
Əlində dəsmalı, əynində güllü koftası, alabəzək tumanını yelləyə-yelləyə səhnənin bu başından o başına gedib-gəlir. Oxuyur, oynayır, coşur, coşdurur, sevilir, həm alqış qazanır, həm də pul. Bu gün o, bütün qaraçıların ən güclü səsi hesab olunur. Heyranları ona “Əsma bacı” deyirlər. Anası bir müsəlman türk, atası isə serb yəhudisidir. Makedoniyada doğulub-böyüyüb, 20 dildə oxuduğu mahnılarla dinləyənləri heyran qoyur. Milli və dini ayrı-seçkiliyə qarşı mahnılar oxuyur. YUNİSEF tərəfindən mükafata layiq görülüb, 2002-ci ildə adı Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülsə də, bu mükafat başqasına verilib. Gənc yaşlarından birlikdə çalıb-oxuduğu Stevo Teodosyevski ilə ailə qurub.
47 övladın anası, analığı
Əsma Rəcəbova səhnə həyatında uğurlu, sosial həyatda həssas qadındır. Amma onun başqa bir özəlliyi də var ki, sənət uğurlarından heç də geri qalmır: 47 övladlığı, 121 nəvəsi var. O bütün uşaqları öz övladı kimi böyüdüb, tərbiyə edib, 47 uşağın hər biri indi özünü dolandıra biləcək yaşdadır. Əsma xanım övladlığa uşaq götürmək haqqında qərarını belə açıqlayır: “ərim Stevo ilə əvvəlcə bir, ya iki uşaq götürmək istəyirdik. Amma gördük ki, uşaqların sayı artdıqca ailənin şənliyi, sevinci də o qədər artır. Bir də gördük ki, 47 uşağa ata-ana olmuşuq. Harada atılmış, evsiz-eşiksiz qalmış, yetim bir körpə görübsə, bağrına basıb, evinə gətirib.
Hər dindən, hər irqdən övladı var
Övladların hansını haradan aldığını yaxşı bilir. Onlardan bəzilərinin valideynlərinin hansı dinə, hansısa irqə mənsub olduğunu bilsə də, ayrı-seçkilik qoymayıb, hamısını övladı bilib, övladı kimi böyüdüb. Bu qədər ailə qayğısı ilə yanaşı, səhnə həyatını da uğurla davam etdirməyi bacarıb. “Övladlarımla qürur duyuram” deyən Rəcəbova, demək olar ki, dünyanın əksər ölkələrini gəzib-dolaşıb, məşhur səhnələrdə konsertlər verib. 40 ildən artıq səhnədə olan Əsma xanım artıq öz yerini tutacaq namizədi də seçib: Elenaora Mustafovskaya. Elenaora onunla birlikdə yaşayır, Musiqi Akademiyasında təhsil alır. Akademiya ilə yanaşı Əsma xanım bildiyi hər şeyi ona öyrədib.
Muzey açmağa hazırlaşır
Tez-tez Türkiyəyə konsert verməyə gəlir. Ötən il İstanbula gələn Əsma Rəcəbova yaşadığı evin bir hissəsini muzey halına gətirdiyini söyləyib: “İnsanlıq evi, Əsma və Stevotedosyevskinin musiqi muzeyi” adlandırdıqları bu məkanda işlər tamamlanmaq üzrədir. Əsma xanımın söylədiyinə görə, 40 il səhnəni də, həyatı da birlikdə yaşadığı əri Stevo ilə xoşbəxt bir ömür sürüb. Muzeydəki eksponatların demək olar ki, hamısı onların həyat və sənət yolundan, qaraçı musiqisindən, dinlər və dillər arasında qarşılıqlı anlaşmadan, sevgidən söz açır. Əsma xanım hər kəsi bu muzeyə tamaşa etməyə çağırır.
Qaraçı musiqisinin təbliğatçısı
Rəcəbova 2009-cu ildə 5 müxtəlif ölkədən 20 musiqiçini bir araya gətirib və möhtəşəm bir qaraçı orkestri təşkil edib. Bu günlərdə həmin orkestrlə yenidən Türkiyədə konsert verməyi planlaşdırır. Qaraçı musiqisinin həzinliyini, bəşəri gözəlliklərini təbliğ etməyi özünə vəzifə bilən Əsma xanım insanları irqçilikdən uzaq durmağa çağırır. Şeir də yazır, özü də qaraçı dilində. Mahnılarını da klassik qaraçı üslubunda oxuyur.
Türkiyəni də, türkləri çox sevir və türk mahnıları onun repertuarının ən dəyərli bölümündə yer alır
//Zaman qəzeti