Dietoloq həkim Mariya Staxovskayanın sözlərinə görə, pomidor bəzi mədə-bağırsaq, oynaq və böyrək xəstəliklərinin əlamətlərini ağırlaşdıra bilər.
Mütəxəssis xüsusilə mədənin turşuluğunun yüksək olduğu qastrit, mədə xorası və pankreatitdən əziyyət çəkən şəxslərə pomidor qəbulunda diqqətli olmağı tövsiyə edib. Pomidorun tərkibindəki üzvi turşular iltihablı selikli qişanı qıcıqlandıra və ağrı, yanma, narahatlıq kimi simptomları gücləndirə bilər.
Həkim həmçinin podaqra, artrit və böyrək daşı problemi olan şəxslərə pomidoru məhdudlaşdırmağı məsləhət görüb. Bundan başqa, bəzi insanlarda pomidor allergik reaksiyaya səbəb ola bilər.
Qastrit zamanı bişmiş və ya istilik emalından keçirilmiş pomidor bəzi insanlarda çiy pomidora nisbətən daha asan həzm oluna bilər. Lakin xəstəlik kəskinləşdikdə hətta belə pomidorların miqdarına da nəzarət etmək lazımdır.
Podaqra və böyrək daşı olan şəxslərə isə pomidoru kiçik porsiyalarla və həftədə bir-iki dəfədən çox olmamaqla qəbul etmək tövsiyə edilir. Bununla belə, dəqiq qidalanma rejimi üçün həkimlə məsləhətləşmək vacibdir.
Qeyd edək ki, pomidor tamamilə sağlam insanlar üçün zərərli məhsul deyil. Əsas məsələ onu normada qəbul etmək və mövcud xəstəliklər zamanı fərdi qidalanma tövsiyələrinə əməl etməkdir.
/Baku.ws










































