Mövzu ilə bağlı KONKRET.AZ-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, işsizlikdən sığorta ödənişi əsasən müəssisənin fəaliyyətini dayandırması və ya şəxsin özündən asılı olmayan digər səbəblərdən iş yerini itirməsi halında təyin edilir.
Ekspertin sözlərinə görə, bu məsələdə müəyyən istisnalar da mövcuddur:
"Bir sıra kateqoriyalara aid şəxslər işsizlikdən sığorta ödənişindən yararlana bilmirlər. Məsələn, bir illik əmək müqaviləsi ilə çalışanlar, DOST mərkəzlərinin xətti ilə sosial işlərə cəlb olunan və bir illik müqavilə əsasında fəaliyyət göstərən şəxslər, həmçinin öz ərizəsi ilə işdən çıxanlar bu ödənişi ala bilmirlər”.
Razi Abbasbəyli qeyd edib ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olan şəxslər də müəyyən hallarda işsizlikdən sığorta ödənişi almaq üçün uyğun kateqoriyaya daxil edilmirlər.
Onun sözlərinə görə, ödənişin məbləği və müddəti şəxsin əmək fəaliyyəti və sığorta stajı da daxil olmaqla bir sıra amillərdən asılı olaraq müəyyənləşdirilir:
Ekspert bildirib ki, proses vətəndaşın müraciəti əsasında həyata keçirilir və müvafiq şərtlərə cavab verən şəxslər sistemdə qeydiyyata alınırlar.
"Bundan sonra vətəndaşa işsiz statusu verilir. Ödəniş aldığı dövrdə həmin şəxslər məşğulluq altsistemində işaxtaran statusunda olurlar. Bu müddət ərzində onlara uyğun iş yerləri təklif edilir”, – deyə Razi Abbasbəyli bildirib.
Beləliklə, iş yerini itirən şəxsin işsizlikdən sığorta ödənişindən yararlanması üçün əsas şərtlərdən biri işsizliyin onun öz iradəsindən asılı olmayan səbəbdən baş verməsidir. Bununla yanaşı, vətəndaş qanunvericilikdə nəzərdə tutulan digər tələblərə də cavab verməlidir. Proses çərçivəsində onun işaxtaran kimi qeydiyyata alınması və uyğun vakansiyaların təqdim edilməsi də nəzərdə tutulur.











































