Bu barədə fizik Dmitri Lapşin beynin bioloji yaşının müəyyən edilməsi ilə bağlı aparılan beynəlxalq araşdırmanın nəticələrinə istinadən danışıb.
Onun sözlərinə görə, tədqiqat İspaniyanın Bask bölgəsində həyata keçirilib. Araşdırmada uşaqlıqdan etibarən iki və ya daha çox dildə danışan insanların geniş yayıldığı bölgədən 728 nəfər iştirak edib.
Nəticələr göstərib ki, iki dil bilən insanların beyni orta hesabla yalnız bir dildə danışanlarla müqayisədə təxminən 6 il daha gənc görünür. Üç dil bilənlərdə bu fərq 7 ilə, dörd dilə yiyələnənlərdə isə 13 ilə qədər çatıb.
Alimlər hesab edirlər ki, bu nəticə beynin daim aktiv işləməsi ilə bağlıdır. Bir neçə dildən istifadə zamanı insanın beyni davamlı olaraq dillər arasında keçid edir, diqqəti cəmləyir və lazımsız informasiyanı süzgəcdən keçirir. Bu proseslər isə idrak funksiyalarının daha fəal qalmasına kömək edir.
Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr yalnız statistik əlaqəni göstərir və bir neçə dil bilməyin beynin qocalmasını mütləq ləngitdiyini sübut etmir.
Onların sözlərinə görə, beynin sağlamlığına genetika, qidalanma, fiziki aktivlik, həyat tərzi və digər amillər də ciddi təsir göstərir.
/baku.ws











































