Regionların sosial-iqtisadi inkişafı hər zaman dövlət başçısının diqqətində olub.
Bu gün ölkəmizdə irimiqyaslı layihələrdən xeyli hissəsi regionların inkişafı istiqamətinə yönəlib. Son illər isə bu istiqamətdə xeyli addımlar atılıb ki, nəticədə paytaxtla digər şəhərlər arasında fərq minimuma endirilir. 2004-cü ildən bəri icra olunan Dövlət Proqramları bir çox istiqamətlərdə uğurlu layihələr, müsbət addımlarla yadda qalıb.
Dövlət Proqamları çərçivəsində statistikalara nəzər saldıqda görünür ki, müəyyən sektor və sahələr üzrə dəfələrlə artımlar qeydə alınıb, xeyli sayda iş yerləri açılıb.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında da qeyd olunur ki, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

İqtisadçı Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında regionlarda həyata keçirilən dövlət proqramları haqda danışıb:
"Regionlarda sosial-iqtisadi inkişafla bağlı dövlət proqramları həyata keçirilir. Mütəmadi olaraq 5 illik dövlət proqramlarının həyata keçirilməsi birbaşa tədbirlər planını özündə əks etdirir. Bu tədbirlər planı çərçivəsində regionların sosial-iqtisadi inkişafına yönəlik işlər görülür”.
O, qeyd edib ki, hazırda regionlarımızda yaranmış ən ciddi məsələ məşğulluğun təmin olunması ilə bağlıdır:
"Məhz bu işlərin nəticəsidir ki, 10-15 il əvvəlki regional bugünkü region arasında kifayət qədər fərq var. Düzdür, hər şey tam mükəmməldir desək də, yalan olar. Amma 10-15 il əvvəlki ilə indiki region arasında fərqlər çoxdur. Sadəcə olaraq, hazırda regionlarımızda yaranmış ən ciddi məsələ məşğulluğun təmin olunması ilə bağlıdır ki, düşünürəm, bu istiqamətdə də işlərin daha da genişləndirilməsinə böyük ehtiyac var. Bu da bilavasitə qeyri-neft sektorunun inkişaf etdirilməsindən keçir. Qeyri-neft sektoru üzrə də inkişafın əsasında məhz regionlarımız dayanır. Qeyri-neft ixracının da bu il rekord səviyyədə - 47 faizdən artıq artması daha çox kənd təsərrüfatının və digər alternativ sahələrin inkişafı hesabına baş vermişdir. Bu da birbaşa regionlarımızla əlaqədardır. O ki qaldı digər bir məsələyə, burada mən alternativ enerji mənbələrinə toxunmaq istərdim. Çünki alternativ enerji mənbələrindən istifadə olunması regionlarda aqroparkların yaradılması, xüsusi zonaların yaradılmasına ciddi töhvə vermiş olar. Alternativ enerji mənbələrindən sistemli şəkildə istifadə olunması regionlarda bir müsbət ənənəyə çevrilərsə, bu, məşğulluğun təmin olunması gətirib çıxaracaq”.
Eldəniz Əmirovun sözlərinə görə, Qaradağdakı Günəş Stansiyası regionlara yaxşı bir nümunə olaraq yayıla bilər:
"Qaradağda Günəş Stansiyasına çəkilən xərc uzağı 2 il ərzində öz geri dönüşünü təmin edəcəkdir. Hətta qaz qiymətlərinin yuxarı səviyyəsində bu müddət 1 ilə qədər enə bilər. Belə ki, bu stansiyanın işə salınması 110 milyon qaza qənaət olunmasına gətirib çıxaracaq. Bu isə bugünkü qaz qiymətlərində 165 milyon dollar deməkdir. Nəzərə alsaq ki, sözü gedən günəş stansiyasının tikintisinin 225 milyon dollara başa gəlməsi planlaşdırılır. Hər şey plana uyğun gedərsə və axsamalar olmazsa, bu stansiya həm də regionlara yaxşı bir nümunə olaraq yayıla bilər. Bu addımın digər müsbət tərəfləri isə hər stansiya üzrə 50-dək insanın daimi iş yerilə təmin edilməsinə, regionun enerji təhcizatında fasiləsizliyin təmin olunmasına, regionlarda uzun məsəfələr üçün yaradılmalı olan infrastruktur xərclərinə qənaət edilməsinə, atmosferə atılan karbon emissiyalarının azalması kimi bir sıra müsbət təsirləri olacaqdır. Məsələn, təkcə Qaradağ Günəş Stansiyası fəaliyyətə başlayandan sonra atmosferə 200 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq”.
Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davaml inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Fərmana nəzər salsaq görərik ki, Dövlət Proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında isə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Görülən işlər və həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin regionları günü-gündən inkişaf edir.
Ötən il Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman imzalaması regionların sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlardan daha biri idi. Fərmanda qeyd olunur ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.
2020-ci il 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından sonra inkişafa yönəlik addımlar bu rayonlarda da aparılmağa başladı və qısa zaman çərçivəsində bölgədə xeyli işlər görüldü. Müxtəlif layihələrlə həyata keçirilən yenidənqurma işləri təkcə ölkəmizin üçün deyil, Qafqaz üçün müsbət gələcək vəd edir. Elə bu baxımdan bölgədə yeni layihələr həyata keçirilir və bu layihələrdə qonşu ölkələr də Azərbaycanla əməkdaşlıq etməyə böyük maraq göstərir. Belə olduğu halda ölkəmizin regionları daha da inkişaf edir, eyni zamanda Azərbaycan bölgədə inkişaf etmiş ölkələri geridə qoyur. Martın 11-də Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması da bu uğurlu işlərdən daha biri idi. Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu tarixi hadisədir.

"Bu anlaşma İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılmasına xidmət edərək regionun nəqliyyat infrastrukturunun genişlənməsinə imkan verəcək. Qeyd edək ki, memorandumun əsas məqsədi Azərbaycanın əsas hissəsi ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir”.
Bu sözləri millət vəkili Vüqar Bayramov AZXEBER.COM-a memorandumun əsas məqsədlərindən danışarkən deyib. O, həmçinin bu memorandumun digər müsbət tərəflərindən də danışıb:
"Bu məqsədlə Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpü inşa ediləcək. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Anlaşmaya əsasən, ən azı gündəlik 1000 ədəd yük nəqliyyatı qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsi tikiləcək. Anlaşmada layihənin maliyyələşdirilməsi xərclər üzrə də razılıq əldə edilir. Belə ki, Azərbaycan Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, İran isə Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün tikintisini maliyyələşdirəcək. Avtomobil yoluna paralel dəmir yolu xətti də inşa ediləcək. Növbəti 6 ayda dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsi məsələsi də razılaşadırılacaq”.
Deputat qeyd edib ki, bu layihə ölkəmizin iqtisadi inkişafına xüsusi töhvə verəcək:
"Yeni layihə regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla yanaşı, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür. Regionun kifayət qədər iqtisadi potensialı var. Bu da regional nəqliyyat infrastrukturunun əhəmiyyətini daha da artırır. Digər tərəfdən, bu nəqliyyat xəttinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşağına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Bu yol, xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmin edilməsi baxımından əhəmiyyətli olacaq. Eyni zamanda, elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə yalınız Naxçıvana və qardaş Türkiyəyə deyil, daha geniş coğrafiyaya o cümlədən Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanacaq. Etiraf etmək lazımdır ki, bu layihə Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisadi inkişafına xüsusi töhfə verəcək”.
Beləliklə, qeyd etmək olar ki, ölkəmizdə regionların inkişafı istiqamətinsə atılan addımlar son illər də geniş vüsət alıb. Bu da sosial-iqtisadi inkişaf baxımından atılan addımların gələcəkdə ölkəmiz üçün müsbət nəticələr verəcəyi qənaətinə gəlməyə imkan verir.
Aydın Nuri
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;” mövzusu üzrə dərc edilib.
