‘Bu təşkilat seçki günü Azərbaycana xüsusi bir rəylə gəlmişdi’ - Fəzail Ağamalı

SİYASƏT
13:45 21.10.2013
1367

“Onlar əvvəlcədən planlaşdırmışdılar ki, bir sıra dövlətlər bu bəyanatdan istifadə edib ölkəmizə qarşı siyasi təzyiqlər edəcək”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanlı bağlı mövqeyini şərh edərkən söyləyib. Millət vəkili, sözügedən təşkilatın əvvəlcədən planlaşdırılmış şəkildə Azərbaycana qərəzli rəylə gəldiyini bildirib:

“Azərbaycana qarşı Avropa ölkələrinin ikili standartı hər zaman siyasi proseslərdə özünü göstərib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da ölkəmizlə bağlı qərəzli mövqedən çıxış edib. Bu təşkilat seçki günü Azərbaycana xüsusi bir rəylə gəlmişdi və hiss olunur ki, onlar seçkidən sonra bu rəyin təsirindən qərəzli bəyanat verəcəklər. Onlar əvvəlcədən planlaşdırmışdılar ki, bir sıra dövlətlər bu bəyanatdan istifadə edib ölkəmizə qarşı siyasi təzyiqlər edəcək”.

F.Ağamalı ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı verdiyi bəyanatı da şərh edib:

“Mən ABŞ-la Azərbaycan arasında olan münasibətlərin nizama düşməsini arzulayıram. Ümidvaram ki, hər iki ölkə arasında olan anlaşılmazlıq aradan qaldırılacaq və əməkdaşlığımız yeni müstəvidə inkişaf edəcək”.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı bu gün bəyanatla çıxış edib. Bəyanatda Amerika Birləşmiş Ştatlarının yeni prezidentlik müddətində prezident İlham Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyi qeyd olunub.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR