"Bu təxribatlar Paşinyanın "dəmir yumruq" üçün darıxdığını göstərir" - Deputat

"Bu təxribatlar Paşinyanın "dəmir yumruq" üçün darıxdığını göstərir" - Deputat
SİYASƏT
17:50 26.08.2021
1663
Avqustun 25-də Ermənistan mətbuatında Azərbaycan hərbiçilərinin Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsinin bağlaması ilə bağlı məlumatlar yayılıb. 

Dərc olunan xəbərlərdə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzinin yaydığı qeyd olunur.

Ermənistan MTX-nin yaydığı açıqlamada deyilir: "Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər görülür”.

Məlumatla bağlı hələlik Azərbaycan tərəfinin rəsmi açıqlaması yoxdur. 

Görünən odur ki, Ermənistan öz üzərinə düşən işləri yerinə yetirməkdənsə, bu cür təxribat xarakterli məlumatları daha çox yaymaqla diqqəti fərqli istiqamətlərə yönəltmək istəyir. 

Halbuki Ermənistan dövləti üzərində Zəngəzur dəhlizinin açılması, kommunikası xətlərinin çəkilməsi kimi öhdəliklər var.

Paşinyan isə öz çıxışında bildirib ki, Azərbaycanla əlaqələri bərpa etməyə hazırdırlar. Amma Zəngəzur dəhlizinin açılmasına razı olmadıqlarını deyib. 

Düzdür, bu məsələ onların razı olub-olmaması ilə həyata keçirilməyəcək. Burada yalnız bir qərar var, Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Zəngəzur dəhlizi açılacaq.

Bəs bu cür addımlar atmaqla Ermənistan tərəfi nəyə nail olmaq istəyir?

AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, əgər Paşinyan üçtərəfli bəyənnamənin bütün bəndlərini yerinə yetirməsə, o zaman ona "dəmir yumruğ"un gücünü yenidən göstərməyə məcbur olacağıq:

"Paşinyanın bir-birinə ziddiyyət təşkil edən çıxışları çox olub. Zamanında o bu cür danışdığına görə "dəmir yumruğ"un da zərbəsini alıb. Əgər Paşinyan üçtərəfli bəyənnamənin bütün bəndlərini yerinə yetirməsə, o zaman ona həmin dəmir yumruğun gücünü yenidən göstərməyə məcbur olacağıq. Amma Paşinyan razı olsa da, olmasa da, Zəngəzur dəhlizi mütləqdir ki, açılacaq. Paşinyan da bunu çox gözəl bilir. Sadəcə bunun adını daxili siyasət məqsədilə dəyişdirir. Əsas məsələ isə budur ki, Azərbaycan öz istədiyinə nail olur və olacaq”. 

Deputat onu da qeyd edib ki, ermənilərin təxribatlara əl atması fikri yayındırmaq məqsədi daşıyır: 

"Ermənilərin hər dəfə təxribatlara əl atması onların yumruq üçün darıxdığının göstəricisidir. Hər zaman olduğu kimi, məsələləri fərqli yönə istiqamətləndirməyə, diqqəti əsas məsələlərdən yayındırmağa çalışırlar. Onlar hər zaman belə olub və onların xislətində heç nə dəyişməyib. Amma onlar hər dəfə cavablarını alıblar və alacaqlar".

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR