Yəhudi əsilli azərbaycanlı biznesmenin şirkətlərində 20 min işçi çalışır
AZXEBER.COM
Azər Niftiyevin təqdimatında "Bizim elçi” rubrikasına start verir. Hər həftənin
bazar ertəsi yayımlanacaq rubrikada oxucular xaricdə yaşayan, Azərbaycanı
təmsil edən, öz fəaliyyəti ilə adını "məşhurlar” siyahısına yazan
soydaşlarımızdan və onların keçdiyi həyat yolundan xəbər tutacaqlar.
Rubrikanın
ilk qonağı Rusiyada yaşayan həmyerlimiz, milliyətcə yəhudi olsa da, Quba
rayonunun məşhur Qırmızı qəsəbəsində dünyaya gəlmiş iş adamı, adı "Forbes”in
milyaderlər siyahısında keçən Qod Nisanov olacaq.

Qod Nisanov kimdir?
Rusiyanın ən
varlı iş adamları sırasında yer alan və hər keçən gün sərvətini daha da artıran
Qod Semyonoviç Nisanov "buğa” zodiak işarəsinin təsir dairəsindədir və 24 aprel
1972-ci ildə anadan olub.
Astroloqlar
iddia edir ki, "Buğa”lar qərarlı davranışları ilə başladıqları işi sonuna
çatdırmağı sevirlər. Möhkəm iradə və fiziki gücə, eyni zamanda idarəetmə
qabiliyyətinə sahibdirlər. İnsanlara özlərini sübut edərək onların rəğbətini
qazanmağı sevirlər.
Göründüyü
kimi, bu bürcün tipik xüsusiyyətlərini özündə cəmləşdirən Nisanovun biznesə gəlişi
heç də asan olmayıb. Onun tərcümeyi-halı ilə tanış olduqda məlum olur ki, yəhudi
əsilli gənc bunun üçün sözün əsl mənasında çaba göstərib. Lazım olanda fəhləlik
edib, gərəkdiyi halda əlaqələr qurub, mühüm görüşlərdə təmsilçilik edib, eyni
zamanda ictimai-siyasi təsir imkanları əldə edərək, önə çıxmağı bacarıb.
O niyə ali təhsil almadı, niyə məhz texnikum…
Qonşularının
dediyinə görə, Qodun atası Semyon kişi çox savadlı, təcrübəli sənayeçi olsa da,
oğlu heç zaman təhsilə xüsusi maraq göstərməyib. Hələ yeniyetmə yaşlarından beynini
pul qazanmağın yollarını tapmağa yönəldən Qod deyilənə görə, öz şəxsi velosipedini də bu məqsədlə tez-tez dəyişirmiş. Onun burada məqsədi təkcə pul qazanmaq
yox, həm də işgüzar sövdələşmələr aparmaq, özünü biznesmen kimi təkmilləşdirmək
idi. Çünki onun atası sovet dövründə zavod direktoru idi və çox az
inandırıcıdır ki, bir velosipedi oğluna qıymamış olsun.
Q.Nisanov Bakıda Maliyyə-kredit
Texnikumunu bitirir. Onun bioqrafiyasında hüquq ixtisası üzrə sonradan ali təhsil
aldığı qeyd olunsa da, hansı ali məktəbi bitirdiyi qeyd olunmur. Nəzərə alanda ki, bir zamanlar Rusiyada heç bir təhsil almnadan universitet diplomları əldə etmək mümkün olurdu, bəlkə də Qod Nisanov da bu yolla "ali təhsil" ala bilib.

Telman
İsmayılov öz həmyerlisinə arxa durur VƏ…
Qod Nisanov cəmi 18 yaşı olanda uşaqlıq
dostu Zarah İliyevlə birgə Moskvaya gedir. Burada yaşayan həmyerlisi, biznesmen
Telman İsmayılova məxsus "AST” kampaniyasında işə düzəlir. Deyilənə
görə, Moskvaya getdiyi ilk illərdə böyük çətinliklərlə qarşılaşır. Bazarda
daraq, iynə və digər xırdavat məhsullarının satışını həyata keçirən "toçkalar”
yaradan iş adamı 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə
"Moskva" ticarət mərkəzini təsis edir. 2005-ci ildə isə
"Biskvit" kompaniyasını və "Ukrayna" otelini, 2006-cı ildə
isə "Avropa" otelini öz biznes imperiyasına qatan Q.Nisanovun "lazım
olan anda lazımi yerdə olmaq lazımdır” prinsipinə riayət etməsi, Kremlə
yaxınlaşmaq cəhdləri onun bu gün Rusiyanın ən nüfuzlu sahibkarları sırasında
yer almasına səbəb olub.
Fürsəti
anında və yerində qiymətləndirən biznesmen…
Qod Nisanov və Zarah İliyevin "biznes
qürubu” Rusiya prezidenti Vladimir Putinin yaxın dostu İlham Rəhimovla ortaq
olmasından sonraya təsadüf edir. İlham Rəhimov özü ölkə mətbuatına müsahibəsində
bildirir ki, sovetlər dönəmində ədliyyə sistemində çalışarkən ittifaq dövlətlərindən
gələn qonaqları Qubaya aparırmışlar. Həmin qonaqları o zaman Qubada zavod
direktoru işləyən Qodun atası, Semyon Nisanov qarşılayırmış.
O dövrdən yaranan dostluq münasibətləri
sonradan Moskvanın "əmlak bölgüsü”ndə həlledici amil olur və Putinin tələbəlik
dostu yəhudi əsilli gənclərlə ortaqlığa başlayır. İlham Rəhimovun Rusiya rəhbərliyi
ilə şəxsi münasibətləri, Qod Nisanov və Zarah İliyevin böyük təcrübəsi nəticə
etibarilə onları bu gün Mosvanın "əmlak kralı”na çevirib.

Bizim bir
üstünlüyümüz var: Sürətli qərar qəbul etmək…
Qod Nisanov rus mətbuatına müsahibəsində
bildirir ki, onların uğur qazanması üç amillə bağlıdır: "Sürətli şəkildə qərar
qəbul etmək, başqalarının getməyə qorxduğu yerə getmək və təbii ki, bir qədər də
şans”.
Hazırda Q.Nisanovun rəhbərlik etdiyi
şirkətlərdə müxtəlif millətlərdən olan 20 mindən artıq işçi çalışır. Ortağı
İlham Rəhimovun söylədiyinə görə, yaxın illərdə Türkiyədə biznes qurmaq niyyətləri
var. Burada otelçilik və turizm sahəsində özlərini sınamaq istəyirlər. Hazırki
fəaliyyət istiqamətləri sırasına isə ticarət və sərgi mərkəzləri, otelçilik və
turizm, bazarlar və topdansatış mərkəzləri daxildir.

Azərbaycanı
Rusiyada uğurla təmsil edən diaspor fəalı…
Qod Nisanov həm də lobbiçilik fəaliyyəti
ilə məşğuldur. Azərbaycan diasporunun fəal nümayəndələrindən olan Q.Nisanov bu
uğurlu fəaliyyətinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi”
medalı, "Dostluq” və "3-cü dərəcəli vətənə xidmət” ordenləri ilə təltif edilib.
Bəzi iddialara görə, Q.Nisanov
dünyanın müxtəlif ölkələrinə yayılan yəhudi diasporunun fəallarındandır. Hətta
onun bu məqsədə, yəni yəhudi milli dəyərlərinin yayılması
işinə ən çox pul ayıran sahibkarlardan olduğu deyilir.
Sonda qeyd
edək ki, Q.Nisanovun üç övladı var. Onun dəbdəbəli həyata meylli olmadığı,
kifayət qədər sadə həyat tərzi keçirdiyi deyilir.
Bu da bir soydaşımızın
uğur hekayəsi. Yazıya elə onun fikri ilə yekun vururuq: "Bizim uğurumuz üç səbəbə
görədir: Sürətli şəkildə qərar qəbul etmək, başqalarının getməyə qorxduğu yerə
getmək və təbii ki bir qədər də şans”.
Allah
şansınızı açıq etsin!
Azər
Niftiyev,
AZXEBER.COM